Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir
Bakı, 9 oktyabr, AZƏRTAC
Gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi yalnız tarixi irsin qorunması deyil, həm də gələcək Azərbaycan cəmiyyətinin düşüncə modelinin, vətəndaşlıq məsuliyyətinin və dövlətçilik şüurunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə bu proses insan kapitalının inkişafı, sosial dayanıqlılığın möhkəmləndirilməsi və gənclərin yad və zərərli təsirlərdən qorunması ilə sıx bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun oktyabrın 9-da Bakıda keçirilən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransdakı çıxışında yer alıb.
Ramin Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub: "Ulu Öndər 1996-cı ildə keçirilən Gənclərin I Forumunda gənclərin milli ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasının vacibliyini ifadə edib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla davam etdirilir. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətinə toxunaraq, təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının əsas vasitələri kimi səciyyələndirib. Milli dəyərlərin, ənənələrin və həyat tərzinin qorunub yaşadılması da bu siyasətin mühüm istiqamətlərindəndir".
Gələcəyin Azərbaycan vətəndaşının necə yetişdirilməsi məsələsinin xüsusi əhəmiyyət daşıdığını bildirən Komitə sədri qeyd edib ki, məqsəd yalnız öz tarixini yaxşı bilən gənclər yetişdirməkdən ibarət olmamalıdır. Əsas vəzifə tarixini dərindən anlayan, milli irslə bağlılığını dərk edən, dövlətin əldə etdiyi nailiyyətlərin hansı tarixi proseslərin və nəsillərin zəhmətinin nəticəsi olduğunu qiymətləndirən vətəndaş formalaşdırmaqdır.
Fotoqraf - Səfiyar Məcnun