Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nadir rast gəlinən, yüksəkdəqiqlikli diaqnostika və mürəkkəb cərrahi yanaşma tələb edən böyrəküstü vəz törəməsinin minimal invaziv üsulla uğurlu müalicəsi həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 43 yaşlı qadın pasiyent son bir il ərzində təkrarlanan və kəskin arterial təzyiq yüksəlmələri ilə müşayiət olunan şikayətlərlə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Müxtəlif epizodlarda onun arterial təzyiqinin 220-230 millimetr civə sütununa qədər yüksəldiyi müəyyən olunub.
Pasiyentin klinik vəziyyəti nəzərə alınaraq aparılan hərtərəfli instrumental və laborator müayinələr nəticəsində sol böyrəküstü vəz nahiyəsində 7,5 santimetr ölçüdə törəmə aşkarlanıb.
Törəmənin hormonal aktivliyini qiymətləndirmək məqsədilə xüsusi laborator müayinələr, o cümlədən metanefrinlərin təyini həyata keçirilib. Müayinələrin nəticələri, klinik göstəricilər və instrumental müayinələrin məlumatları kompleks şəkildə qiymətləndirildikdən sonra cərrahi müalicənin aparılmasına qərar verilib.
Pasiyentə Tədris Cərrahiyyə Klinikasında soltərəfli laporoskopik adrenalektomiya əməliyyatı icra olunub. 80 dəqiqə davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatın açıq cərrahi girişə keçid olmadan, tam laporoskopik üsulla tamamlanması xüsusi diqqət çəkir.
Klinik halın mürəkkəbliyini şərtləndirən əsas amillərdən biri törəmənin 7,5 santimetr ölçüdə olmasıdır. Böyük ölçülü adrenal törəmələrdə laporoskopik əməliyyat texniki baxımdan daha mürəkkəb olur və yüksək cərrahi təcrübə tələb edir.
Əməliyyat Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev tərəfindən həyata keçirilib. Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda o, həkim nəzarətindədir və müvafiq konservativ müalicə tədbirləri davam etdirilir.
Bu klinik hadisə Azərbaycan Tibb Universitetinin yüksəkixtisaslı mütəxəssis potensialını, müasir tibbi-diaqnostik imkanlarını və minimal invaziv cərrahiyyə sahəsində formalaşmış peşəkar təcrübəsini nümayiş etdirən əhəmiyyətli nümunələrdən biridir.