Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
Pekin, 9 oktyabr, AZƏRTAC
Rəsmi Pekin Avropa Parlamentini Çinin əsas maraqlarına və mühüm narahatlıqlarına hörmət etməyə, həmçinin Çinin daxili işlərinə qarışmağa son qoymağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Çinin Avropa İttifaqı yanında daimi nümayəndəliyinin Avropa Parlamentinin Avropa İttifaqı-Çin siyasi əlaqələrinə dair 7 oktyabr tarixli hesabatı ilə bağlı bəyanatında əks olunub. Nümayəndəliyin sözçüsü qeyd edib ki, Avropa İttifaqının hesabatı Çinə qarşı ideoloji qərəzlə doludur və səhv iddiaları ehtiva edir. Sənəd Tayvan, Honkonq, Makao, Sincan-Uyğur və Tibet muxtar rayonları, insan hüquqları ilə bağlı məsələlərdə əsassız ittihamlar irəli sürür və Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir.
Pekin hesab edir ki, Avropa Parlamentinin hesabatı iqtisadi və ticarət məsələlərinin siyasiləşdirilməsini və bu sahələrdə təhlükəsizlik anlayışının həddindən artıq genişləndirilməsini təşviq edir.
Çin-Aİ münasibətlərinin önəmli inkişaf mərhələsində olduğunu qeyd edən Çin rəsmisi əlavə edib ki, ikitərəfli münasibətlərin sağlam və sabit inkişafının qorunub saxlanılması hər iki tərəfin ümumi maraqlarına xidmət edir. Sözçü vurğulayıb ki, Çin Aİ-ni Çinə tərəfdaş kimi yanaşmaq öhdəliyinə sadiq qalmağa, əməkdaşlığı ikitərəfli münasibətlərin əsas xüsusiyyəti kimi qorumağa, Çinin əsas maraqlarına və mühüm narahatlıqlarına ciddi şəkildə hörmət etməyə, Çinin daxili işlərinə qarışmağa son qoymağa, qarşıdurmanı qızışdırmaqdan çəkinməyə və Çin-Aİ münasibətlərini bütövlükdə qorumaq üçün konkret addımlar atmağa çağırır.