Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
Dövlətlər irqi ayrı-seçkiliyi təşviq edən və ya buna təhrik edən qrup və təşkilatları açıq şəkildə pisləməli və qadağan etməli, belə qruplarda, təşkilatlarda və ya fəaliyyətlərdə iştirakı milli qanunvericiliyə əsasən cəzalandırılan əməl kimi tanımalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində deyib. İclas irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bunlarla əlaqəli dözümsüzlüyün aradan qaldırılmasına həsr olunub.
Çıxışda vurğulanıb ki, irqi üstünlük ideologiyalarından qaynaqlanan qərəz insan həyatı üçün ciddi təhlükə yaradır, etimadın qurulmasına və barışıq səylərinə xələl gətirir. Tarixi faktları təhrif edən, düşmənçilik narrativləri və stereotiplər yayan tədris materiallarının uşaqlar və gənclər arasında ayrı-seçkiliyin davam etməsinə səbəb olduğu qeyd olunub.
Şəhriyar Hacıyev Azərbaycanın Konstitusiyasının ayrı-seçkiliyi qadağan etdiyini, bütün şəxslərin bərabər hüquq və azadlıqlarına təminat verdiyini bildirib. O, Azərbaycanın multikultural cəmiyyət kimi müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və körpülərin qurulması istiqamətində praktiki tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
Bildirilib ki, 2008-ci ildə başlanmış Bakı Prosesi çərçivəsində iki ildən bir təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yeddinci toplantısı bu ay Bakıda keçiriləcək. Müxtəlif coğrafi regionları və mədəniyyətləri təmsil edən tərəflərin qatılacağı forumun məqsədi davamlı sülh və inkişaf naminə mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etməkdir.
Azərbaycan bütün insanların hüquq və ləyaqətinin qorunmasına, eləcə də irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərə töhfə verməyə sadiqliyini bir daha ifadə edib.