ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb
Gəncə, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) strateji inkişaf planının 2026–2030-cu illər üzrə yeni çağırışlara uyğun hazırlanması və effektiv tətbiqi istiqamətində təlimlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aqronomluq fakültəsində keçirilən ilk təlim çərçivəsində Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri Rəfiqə Niftəliyeva fakültə və kafedraların strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, fəaliyyətlərin nəticəyönümlü planlaşdırılması, əsas fəaliyyət göstəricilərinin formalaşdırılması, monitorinq, qiymətləndirmə və hesabatlılıq mexanizmləri barədə məlumat verib, praktiki nümunələr təqdim edib.
ADAU-EGE ikili diplom proqramının rəhbəri Lamiyə Quliyeva bildirib ki, təlimlərin əsas məqsədi strateji inkişaf planının yeni yanaşmalarının universitetin struktur bölmələrində effektiv tətbiqini təmin etmək, strateji məqsədləri konkret fəaliyyətlər və ölçülə bilən nəticələrlə əlaqələndirməkdir.
Yeni strateji inkişaf planı çərçivəsində struktur bölmələrin fəaliyyətinin daha sistemli planlaşdırılması, nəticələrin ölçülməsi və əldə olunan göstəricilərin davamlı monitorinqi nəzərdə tutulur.
2026–2030-cu illər üzrə inkişaf planı ADAU üçün yalnız strateji sənəd deyil, davamlı inkişafın, nəticəyönümlü idarəetmənin və keyfiyyətin yüksəldilməsinin mühüm mexanizmidir.
Müxbir - Elcan Məmmədov