GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb
Gəncə, 8 oktyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu, şəhid Fərman Əsədlinin adına auditoriya yaradılıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekanı Məsim Abadov çıxışında bildirib ki, Fərman Əsədli iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisas üzrə məzun olub. O qeyd edib ki, 2016-cı ildə Aprel döyüşləri başlayarkən Fərman Əsədli yaxın qohumu Sadiq Əliyevlə birlikdə könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Tərtər istiqamətində gedən gərgin döyüşlər zamanı düşmənin intensiv artilleriya atəşinə baxmayaraq, Fərman böyük cəsarət və mərdlik nümayiş etdirib, ön xətdə Vətən uğrunda mübarizədə qəhrəmanlıq nümunəsi göstərib. O, döyüş bölgəsində mülki əhalinin təhlükəsiz ərazilərə təxliyəsinə kömək göstərib, yaralanan soydaşlarımıza və Azərbaycan hərbçilərinə ilkin tibbi yardım göstərib. Eyni zamanda, səngərdə döyüşən əsgərlərin yanında olaraq onlara mənəvi-psixoloji dəstək verib, yüksək vətənpərvərlik və fədakarlıq nümayiş etdirib. Aprelin 2-də düşmən tərəfindən atılan mərmi nəticəsində Fərman Əsədli qəhrəmancasına şəhid olub. Dövlətimiz Vətən qarşısındakı xidmətlərini, göstərdiyi şücaət və fədakarlığı yüksək qiymətləndirərək, onu ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edib. O, həmçinin “Vətən naminə” medalı ilə də mükafatlandırılıb.
Şəhidin atası Elçin Əsədli çıxışında oğlunun adını daşıyan auditoriyanın yaradılmasını universitetin öz qəhrəman məzununa göstərdiyi ehtiram və sevginin təzahürü kimi qiymətləndirib. Bildirilib ki, auditoriyada Fərman Əsədlinin həyat və döyüş yolunu əks etdirən xatirə guşəsi yaradılıb. Guşə şəhidin həyat və mübarizə yolunun gənc nəslə çatdırılması, tələbələrdə Vətənə sevgi və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Müxbir - Elcan Məmmədov