Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir
Bakı, 8 oktyabr, AZƏRTAC
Dövlət büdcəsi və büdcə xərcləri davamlı inkişaf prinsiplərinin reallaşmasına öz töhfəsini verməlidir. Bu, ölkənin inkişafında tamamilə yeni mərhələ kimi dəyərləndirilə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Davamlı inkişaf siyasəti” adlı dərsliyin təqdimat tədbirində çıxışı zamanı deyib. O bildirib ki, davamlı inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan ölkənin xarici borcunun gələcək nəsillər üçün yükə çevrilməməsi mühüm prinsiplərdən biridir.
“Davamlı inkişaf təkcə bu gün ölkənin inkişafının və rifahının təmin edilməsi deyil, həm də gələcək üçün inkişaf resurslarının və imkanlarının tükədilməməsidir. Bugünkü inkişaf və rifah gələcək nəslin rifahının qarşısını almamalıdır. Davamlı inkişaf konsepsiyasının əhəmiyyəti məhz bununla izah olunur.
Ölkəmizdə sosial, iqtisadi və ekoloji siyasət bu məqsədlərə xidmət edir. Təqdim olunan dərsliyin əhəmiyyəti ondan ibarətdir ki, davamlı inkişaf konsepsiyasını daha aydın və əhatəli şəkildə anlamağa imkan yaradır. Davamlı inkişaf yalnız ekoloji tarazlıq, iqtisadi inkişaf, yoxsulluğun azaldılması və ya insan inkişafı kimi ayrı-ayrı istiqamətlərdən ibarət deyil. Bütün bu məsələlər kompleks şəkildə davamlı inkişaf konsepsiyasının mahiyyətini formalaşdırır.
Bu gün artıq sadəcə iqtisadi inkişafdan deyil, davamlı inkişafdan və keyfiyyətli iqtisadi artımdan danışırıq. Qarşıda duran hədəflər sırasında keyfiyyətli rifah məsələsi də xüsusi yer tutur. Hesab edirik ki, bu dərslik dövlət siyasəti, elm və pedaqoji fəaliyyət üçün olduqca dəyərli töhfədir”, - deyə komitə sədri əlavə edib.