Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq
Bakı, 8 oktyabr, AZƏRTAC
Orta Dəhlizin gələcək uğuru yalnız yeni infrastrukturun qurulmasından asılı deyil. Mövcud infrastrukturu vahid və əlaqələndirilmiş sistem çərçivəsində işlətmək də vacibdir. Yükün bir ölkədən digərinə keçidi zamanı yaranan vaxt itkilərinin azaldılması və prosedurların sadələşdirilməsi marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər.
Bunu AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert Mehmet Seven bildirib.
Ekspertin sözlərinə görə, Orta Dəhlizin qarşıdakı 3-5 il ərzində tam potensialına çatdırılması üçün ilk növbədə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, dəhliz boyunca ötürücülük qabiliyyətinin artırılması və ölkələr arasında koordinasiyanın gücləndirilməsi istiqamətində konkret layihələr həyata keçirilməlidir.
“Xəzər dənizi üzərindən yükdaşımaların genişləndirilməsi, limanların imkanlarının artırılması, dəmir yolu xətlərinin modernləşdirilməsi və sərhəd keçidlərinin sürətləndirilməsi Orta Dəhlizin səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan rəqəmsallaşma Orta Dəhlizin inkişafının əsas istiqamətlərindən biri olmalıdır. Dəhliz ölkələri arasında vahid məlumat mübadiləsi sisteminin formalaşdırılması, elektron sənədlərin geniş tətbiqi, yükün hərəkətinin real vaxt rejimində izlənilməsi və gömrük məlumatlarının rəqəmsal şəkildə paylaşılması daşımaların daha sürətli və şəffaf həyata keçirilməsinə imkan verə bilər. Rəqəmsal texnologiyalar yalnız yükün izlənilməsini asanlaşdırmır, həm də logistika zəncirinin müxtəlif iştirakçıları arasında koordinasiyanı gücləndirir. Ekspert qeyd edib ki, vahid rəqəmsal platformanın yaradılması Orta Dəhlizin müxtəlif seqmentləri arasında əlaqələndirməni də gücləndirə bilər. Orta Dəhlizdə rəqəmsal inteqrasiya nə qədər yüksək olarsa, marşrutun istifadəçiləri üçün proqnozlaşdırıla bilənlik də bir o qədər artar. Bu isə öz növbəsində dəhlizə yeni yük sahiblərinin və logistika şirkətlərinin cəlb edilməsinə müsbət təsir göstərə bilər”, - deyə M.Seven bildirib.
Ekspert bildirib ki, Azərbaycan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinin əlverişli coğrafi mövqeyi həmin ərazilərdə logistika terminallarının, anbar komplekslərinin, yük emalı və paylama mərkəzlərinin yaradılması üçün geniş imkanlar açır: “Tranzit yükün marşrut üzərində emal edilməsi, qablaşdırılması, çeşidlənməsi və digər əlavə xidmətlərin göstərilməsi region ölkələrində əlavə iqtisadi dəyərin yaranmasına səbəb ola bilər. Bu proses yeni investisiyaların cəlb olunmasına və məşğulluğun artmasına da şərait yarada bilər. Orta Dəhliz boyunca sənaye və logistika zonalarının inkişaf etdirilməsi region ölkələrinin iqtisadi əlaqələrini də yeni mərhələyə çıxara bilər. Xammalın daşınması ilə yanaşı, onun emalı və hazır məhsulun müxtəlif bazarlara çatdırılması üçün imkanların yaradılması dəhlizin iqtisadi əhəmiyyətini genişləndirər. Orta Dəhlizin əsas məqsədi yalnız yükün Şərqdən Qərbə daşınmasını təmin etmək olmamalıdır. Bu marşrut boyunca istehsal, logistika, xidmət və ticarət fəaliyyətlərinin inkişaf etdirilməsi daha dayanıqlı iqtisadi model yarada bilər”.
Mehmet Seven əlavə edib ki, qarşıdakı illərdə infrastruktur layihələri ilə rəqəmsal transformasiyanın paralel aparılması və marşrut ölkələri arasında vahid standartların formalaşdırılması Orta Dəhlizin beynəlxalq nəqliyyat sistemində mövqeyinin daha da möhkəmlənməsinə imkan verəcək.