Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır
Bakı, 8 oktyabr, AZƏRTAC
Yüz il əvvəl olduğu kimi, bu gün də Bakı Türk dünyasını birləşdirən mühüm mədəniyyət mərkəzlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Dillər Universitetində keçirilən “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunda çıxışı zamanı bildirib.
Anar Nağıyev Türk dünyasının geniş coğrafiyasını əhatə edən ortaq mədəniyyətin və dəyərlərin öyrənilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Balkanlardan Sibirin uzaq ərazilərinədək geniş coğrafiyada yaşayan milyonlarla insanın ortaq mədəni irsinin, dilinin və dəyərlərinin araşdırılması mühüm elmi və ictimai əhəmiyyət daşıyır. Belə beynəlxalq konfranslar Türk dünyasının ortaq irsinin öyrənilməsinə, gənclərin inkişafına, elmi tədqiqatların genişləndirilməsinə və ölkələrarası akademik əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir.
O, milli kimliyin qorunmasının vacibliyinə də diqqət çəkib. Bildirib ki, bu istiqamətdə keçirilən elmi və mədəni tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.