Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb
Qusar, 8 oktyabr, AZƏRTAC
Qusar rayonunda yolların əsaslı təmiri və asfaltlanması işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolların əsaslı təmiri istiqamətində aparılan işlər çərçivəsində Qusar şəhərinin Vüsal Orucov küçəsində 1200, Mirzə Vəliyev küçəsində isə 3200 kvadratmetr sahəyə asfalt örtüyü döşənib.
Bundan əvvəl şəhərin Asəf Mehman, Aşıq Nüsrət, Nəsimi, Kərim Kərimov və Müslüm Murtuzayev küçələrində asfaltlanma işləri başa çatdırılıb.
Qusar Rayon İcra Hakimiyyətindən bildirilib ki, əsaslı təmir işləri çərçivəsində yolların hərəkət hissəsi genişləndirilir, küçələrdə abadlıq işləri aparılır. Görülən işlərin müasir tələblərə uyğun həyata keçirilməsi sakinlərin rahat və təhlükəsiz hərəkətinə, eləcə də şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına xidmət edir.
Cari il ərzində Qusar şəhərinin 18 küçəsində əsaslı təmir işlərinin aparılması və yolların asfaltlanması nəzərdə tutulub.
Rayonun kəndlərində də yol infrastrukturunun yenilənməsi istiqamətində işlər həyata keçirilir. Belə ki, Piral kəndində 3,1 kilometr uzunluğunda kənddaxili yol bələdiyyənin və kənd sakinlərinin birgə maliyyə vəsaiti hesabına asfaltlanıb.
Müxbir – Elxan Yusifli