Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir
Bakı, 8 oktybar, AZƏRTAC
Dil dediyiniz zaman onun dərin qatları da var. Ədəbiyyatı var. Bu ədəbiyyatın incə sənəti var, dilin incə sənəti var. O dərinlikləri öyrənmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bu fkirləri Türk Mədəniyyətini Araşdırma İnstitutunun (TMAİ) direktoru professor Əhməd Bican Ərcilasun Azərbaycan Dillər Universitetində keçirilən “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunda çıxışı zamanı deyib. O, türk dillərinin, xüsusilə Azərbaycan və Türkiyə türkcələrinin tədrisi zamanı dillər arasındakı oxşarlıqlar və fərqlərin nəzərə alınmasının vacibliyini vurğulayıb: “Türkiyədə müasir türk ləhcələri və ədəbiyyatları üzrə müxtəlif bölmələrdə bütün türk ədəbi dilləri tədris olunur. Azərbaycan və Türkiyə türkcələrinin qarşılıqlı öyrədilməsi zamanı müəyyən dil qaydalarının izah edilməsi zəruridir. İstisnalar da ayrıca öyrədilməlidir.
Professor Azərbaycan və Türkiyə türkcələri arasında sözlərin səslənməsi və yazılışında fərqlərə nümunələr gətirib. O, bu fərqlərin tələbələrə qaydalar və istisnalar əsasında izah edilməsinin dilin daha düzgün mənimsənilməsinə imkan verdiyini bildirib. Qeyd edib ki, türk dili və ədəbiyyatının tədrisi yalnız dilin zahiri, səthi xüsusiyyətləri ilə məhdudlaşmamalıdır. Dilin dərin qatları, ədəbiyyatın incəlikləri və bədii ifadə imkanları da öyrənilməlidir.
TMAİ direktoru fikrini klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin yaradıcılığından nümunə gətirməklə əsaslandırıb. O, Füzulinin poeziyasında dil və məna qatlarının dərinliyinə diqqət çəkərək, ədəbiyyatın yalnız dil öyrənilməsi baxımından deyil, düşüncə və bədii-estetik məzmunun mənimsənilməsi baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, türk dili və ədəbiyyatının tədrisində klassik ədəbiyyatla yanaşı, xalq ədəbiyyatının nümunələrindən də geniş istifadə olunmalıdır.
O, simpozium çərçivəsində təqdim olunacaq məruzə və çıxışlarda da bu istiqamətdə maraqlı nümunələrin yer alacağına ümid etdiyini bildirib.