Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan xalçası bizim mədəni sərvətimizdir. Biz elə bir sintez yaratdıq ki, xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir.
Bu sözləri AZƏRTAC-a dizayner-modelyer Ləman Süleymanova Azərbaycan Milli Xalça Muzeyində açılan “Tarixə toxunuş” sərgisində deyib.
Onun qeyd etdiyinə görə, art-obyektlərin hazırlanma təklifi layihənin ilkin ideyasının müəllifi, “Pitchline Advertising” şirkətinin rəhbəri Elruz Fətiyev tərəfindən irəli sürülüb.
“O, öz ideyasını həyata keçirməyi mənə təklif etdi. Mən də öz növbəmdə eskizlərimi təqdim etdim və Azərbaycanın mədəniyyəti ilə mədəni sərvətlərinin sintezini yaratmağı təklif etdim. Belə bir iş üçün 2,5 ay çox qısa müddətdir. Amma hər şeyi çatdırmağımıza, vaxtında və planlaşdırdığımız kimi həyata keçirməyimizə çox şadam. Layihədə Qarabağ xalçalarının motivləri xüsusi yer tutub. Onların zəngin naxış dili ənənəvi elementləri müxtəlif şəkildə şərh etməyə və onları qadın obrazları ilə əlaqələndirməyə imkan verib. Qarabağ Azərbaycanın qədim bölgələrindən biridir. Mən məhz bu bölgəyə daha çox diqqət yetirmək istədim, çünki Qarabağ xalçaları öz quruluşuna görə çox zəngindir. Onlarda çoxlu gözəl naxışlar var və hər bir element onun üzərində işləməyə, onu art-obyektə çevirməyə imkan verir”, – deyə L.Süleymanova əlavə edib.
Obrazlardan biri “Bağçada çiçəklər” xalçasından ilhamlanaraq hazırlanmış kompozisiya olub: “Dizayner bu kompozisiyanı parlaq və zərif kimi xarakterizə edir və bu xüsusiyyətləri qadınlıqla əlaqələndirir. Digər kompozisiya isə əjdaha təsvirinin yer aldığı motiv əsasında hazırlanıb. Bu motiv gücü, parlaqlığı və detallılığı ilə seçildiyindən onun əsasında yaradılan art-obyektdə qadının hakim xarakteri əks olunub. Layihədə Bakı xalçaçılıq məktəbinin motivləri də təqdim edilib. Azərbaycan butasının özünəməxsus xüsusiyyətləri var və ölkənin hər bir bölgəsi sanki öz mədəniyyətini daşıyır”.
Dizaynerin fikrincə, xalçaçılıq sənətinə müraciət Azərbaycanın mədəni müxtəlifliyini yeni formada üzə çıxarmağa imkan verir: “Bu mövzunu araşdırdıqca Azərbaycanın ümumilikdə nə qədər zəngin olduğunu anlayırsan. Bu zənginlik xalçalarda özünü çox aydın göstərir və yaradıcılıq üçün yaxşı ilham mənbəyidir”.