ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri agentliyin yaranmasının 5-ci ildönümü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
ADEA-dan AZƏRTAC-a bildirilib ki, Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarüstü abidəsi önünə gül dəstələri düzülüb.
Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Agentliyin nümayəndələri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanların unudulmaz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
Əlamətdar yubiley münasibətilə edilən bu ziyarətlər agentliyin keçdiyi inkişaf yoluna, formalaşdırdığı institusional imkanlara və qarşıdakı dövr üçün müəyyən etdiyi strateji hədəflərə nəzər salmaq üçün də mühüm fürsətdir.
Prezident İlham Əliyevin 7 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılan agentlik ötən beş il ərzində dövlət ehtiyatlarının idarə olunması sahəsində vahid və müasir sistemin formalaşdırılması istiqamətində mühüm inkişaf yolu keçib. Bu dövrdə dövlət ehtiyatlarının yaradılması və idarə olunması mexanizmləri təkmilləşdirilib, riskəsaslı yanaşma, təhlil, planlaşdırma və monitorinq mexanizmləri tətbiq olunub, anbar infrastrukturunun texniki imkanları və rəqəmsal idarəetmə sistemləri inkişaf etdirilib.
Beşillik fəaliyyətin mühüm nəticələrindən biri dövlət ehtiyatlarının idarə olunmasının müasir hüquqi bazasının yaradılması olub.
Dövlət başçısının tapşırığına əsasən ADEA tərəfindən hazırlanmış “Dövlət ehtiyatları haqqında” Qanun 19 dekabr 2023-cü ildə qəbul edilib. Qanunun tətbiqi çərçivəsində strateji, fövqəladə və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması üzrə müvafiq mexanizmlər formalaşdırılıb. 2026-cı il ADEA-nın fəaliyyətində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Ölkə başçısının 25 iyun 2026-cı il tarixli Fərmanı ilə agentliyin mərkəzi icra hakimiyyəti orqanı kimi yenidən təşkili dövlət ehtiyatlarının idarə olunmasına verilən strateji əhəmiyyətin və agentliyə göstərilən yüksək etimadın təzahürüdür.
Qarşıdakı dövrdə əsas hədəflər dövlət ehtiyatlarının idarə olunması sisteminin daha da təkmilləşdirilməsi, innovativ yanaşmaların tətbiqi, institusional potensialın və insan kapitalının gücləndirilməsi, ölkənin mümkün risklərə hazırlığının və dayanıqlılığının artırılmasıdır. Əldə olunan nəticələrin arxasında, ilk növbədə, ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğı, dövlət və özəl qurumlarla səmərəli tərəfdaşlıq, eyni zamanda ADEA komandasının peşəkarlığı və məsuliyyəti dayanır. Beş il ərzində formalaşan təcrübə və yaradılan potensial ADEA-nın qarşıdakı yeni hədəflərinin möhkəm əsasını təşkil edir.