Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY
Bakı, 7 oktyabr, AZƏRTAC
Müasir dünyada təhlükəsizlik paradiqmalarının dəyişməsi və yeni güc balansının formalaşması milli təhlükəsizliyin təmin olunmasına yanaşmaların yenilənməsini zəruri edir. Bu şəraitdə yalnız hərbi gücə əsaslanmaq kifayət etmir, milli gücün müxtəlif komponentlərinin vahid konsepsiya çərçivəsində birləşdirilməsi və ümumi təhlükəsizlik strategiyasının formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında beynəlxalq şərtləri və müasir reallıqları nəzərə alaraq milli gücün yeni konsepsiyasına dair mühüm mesajlar verib. “Dövlət başçısı gücün müxtəlif komponentləri üzərində ayrıca dayanaraq, Azərbaycanın gələcək təhlükəsizlik konsepsiyasının güc faktoru əsasında formalaşdırılmasının zəruriliyini diqqətə çatdırıb. Hazırkı mərhələdə hərbi güclə yanaşı, fiziki, ideoloji, mənəvi-psixoloji, informasiya və kommunikasiya imkanlarının da milli maraqların qorunması üçün səfərbər edilməsi zəruridir. Çünki bu gün güc və təhlükəsizlik komponentləri arasında ideoloji və informasiya gücünün xüsusi çəkisi artır. Bu “yumşaq güc” vasitələri ən azı fiziki güc qədər əhəmiyyət daşıyır. İdeoloji və informasiya təhdidlərinin əsas hədəflərindən biri milli həmrəyliyi, milli identikliyi və cəmiyyətin ortaq dəyərlər sistemini zəiflətməkdir. Xalqın milli gücünü müəyyən edən əsas amillərdən biri ortaq ideologiya, sosial identiklik, tarixi yaddaş və siyasi şüurdur. İdeoloji və informasiya təxribatları məhz bu təməl ünsürləri sarsıtmağa yönəlir. Ona görə də informasiya və ideoloji təhlükəsizliyin təmin olunması milli təhlükəsizlik siyasətinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilməlidir. İdeoloji təhlükəsizlik siyasi-ideoloji və dini-ideoloji olmaqla iki mühüm istiqamətdə qiymətləndirilə bilər. Siyasi-ideoloji komponent milli ideologiya ilə birbaşa bağlı olduğu halda, dini-ideoloji amil də müasir təhlükəsizlik mühitində xüsusi diqqət tələb edir. Prezident İlham Əliyev çıxışında həyat tərzimizə kənardan müdaxilə cəhdlərinin olduğunu diqqətə çatdırdı. Bəzi qüvvələr milli həyat tərzimizə və inanc sistemimizə təsir göstərməyə, dini amildən istifadə etməklə cəmiyyətə təsir imkanları qazanmağa çalışırlar. Buna görə də milli və dini dəyərlərin qorunması ideoloji təhlükəsizliyin mühüm istiqamətlərindən biridir. Bütün bu komponentlər birlikdə Azərbaycanın gələcək təhlükəsizlik konsepsiyasının əsasını təşkil etməlidir. İqtisadi, sənaye və hərbi sənaye potensialının gücləndirilməsi milli gücün fiziki komponentlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə H.Babaoğlu bildirib.
O, Azərbaycanın təhlükəsizlik konsepsiyasında Ermənistan amilinin nəzərə alınmasının vacibliyini qeyd edib. Deyib ki, Prezident İlham Əliyevin Ermənistanla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın təhlükəsizlik siyasətinin strateji yanaşmasını əks etdirir. “Azərbaycanın ictimai-siyasi yaddaşında Ermənistan amili və bu ölkədən qaynaqlana biləcək təhlükələr daim nəzərə alınmalıdır. Bu, eyni zamanda, milli təhlükəsizliyi təmin edən strukturların diqqət mərkəzində saxlamalı olduğu məsələlərdəndir. Azərbaycanın Ermənistan qarşısında hərbi-strateji üstünlüyünü qoruması yalnız hərbi hazırlıq məsələsi deyil, eyni zamanda, regionda davamlı sülhün təmin olunması baxımından mühüm amildir. Prezident İlham Əliyevin Azərbaycanın Ermənistandan dəfələrlə güclü olması ilə bağlı mesajını mən hərbi-strateji düstur olmaqla yanaşı, sülh düsturu kimi də qiymətləndirirəm. Çünki regionda sülhün qorunması üçün Azərbaycanın güclü olması və çəkindirmə imkanlarını daim saxlaması vacibdir. Azərbaycanın milli gücünün əsas komponentlərindən biri iqtisadi və sənaye potensialıdır. Güclü iqtisadiyyat, inkişaf etmiş sənaye və hərbi sənaye kompleksi ölkənin ümumi təhlükəsizlik imkanlarını genişləndirən əsas amillərdəndir. Ən başlıcası isə siyasi-ideoloji və dini-ideoloji müstəvilərdə həmrəyliyin, ortaq milli maraqların qorunmasıdır. Milli gücün bütün komponentlərinin səmərəli nəticə verməsi üçün cəmiyyətin hər bir üzvünün ümumi milli maraqlar ətrafında həmrəy olması və fəaliyyətin sinxronlaşdırılması vacibdir. Məhz bu birlik Azərbaycanın gələcək təhlükəsizliyinin və milli gücünün əsas dayaqlarından biri olacaq”, – deyə H.Babaoğlu əlavə edib.
Müxbir – Səbinə Əlizadə