Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir
Bakı, 7 oktyabr, AZƏRTAC
“Aqrar sahə haqqında” qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir. Onların arasında vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun azaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinə dair ictimai dinləmədə çıxış zamanı deyib.
O qeyd edib ki, dövlət nəzarəti sahibkarlıq sahəsində yoxlamalara dair qanunun tələbləri çərçivəsində aparılacaq. Bu isə istehsalçını əsassız müdaxilədən qoruyur.
“Digər istiqamət torpaq və su ehtiyatlarıdır. Torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi kimi tanınır. Xırdalanmanı vahid əkin, konsolidasiya və kooperasiya yolu ilə azaltmaq nəzərdə tutulur. Yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının da qarşısı alınacaq. Su itkilərini azaldan suvarma sistemləri və bitki növləri üzrə suvarma normaları qanunun predmetinə daxildir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinə adaptasiya tədbirləri ayrıca maddə ilə tənzimlənir”, - deyə nazir vurğulayıb.
Fotoqraf - Aydın Məmmədov