Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır
Bakı, 7 oktyabr, AZƏRTAC
Müasir dövrdə geosiyasi qarşıdurmaların genişlənməsi, müharibələrin xarakterinin dəyişməsi və informasiya texnologiyalarının sürətli inkişafı dövlətlərin təhlükəsizliyi qarşısında yeni çağırışlar yaradır. Xüsusilə süni intellektin inkişafı informasiya təhlükəsizliyini milli təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevirir. Buna görə də Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında hərbi potensialla yanaşı, ideoloji, informasiya, təhsil, iqtisadi, maliyyə və ərzaq təhlükəsizliyinə ciddi diqqət yetirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasının qarşıya qoyduğu əsas vəzifələrin mühüm hissəsi artıq öz həllini tapıb. Həmin dövrdə Azərbaycanın qarşısında duran başlıca məqsəd işğal altında olan torpaqların azad edilməsi idisə, bu gün əsas vəzifələrdən biri əldə edilmiş nailiyyətləri qorumaq, dövlətin hərbi və təhlükəsizlik potensialını daha da gücləndirməkdir.
“Hazırda dünyada güc amili mühüm rol oynayır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra ölkənin müstəqil siyasətini qəbul etməyən və ona təhdid yaratmağa çalışan qüvvələr mövcuddur. Bu baxımdan, müdafiə və təhlükəsizlik tədbirlərinin ildən-ilə gücləndirilməsi zəruridir. 2027-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik məqsədləri üçün 9 milyarda yaxın vəsaitin nəzərdə tutulması da mövcud reallıqlar fonunda qiymətləndirilməlidir. Təhlükəsizlik tədbirlərinin məqsədi yalnız xarici təhdidlərin qarşısını almaq deyil, həm də ölkə daxilində sabitliyi qorumaq, mümkün destabilizasiya cəhdlərini vaxtında neytrallaşdırmaqdır. Azərbaycan öz müstəqil siyasətini yürüdən və milli maraqlarını qoruyan dövlət kimi istənilən təhdidə cavab vermək və kənar müdaxilələri neytrallaşdırmaq imkanlarını daim gücləndirməlidir”, - deyə politoloq bildirib.
E.Həsənov diqqəti ideoloji və informasiya təhlükəsizliyinə də çəkib. Qeyd edib ki, Azərbaycan qarşıdakı illərdə informasiya təhdidlərini qabaqlamaq, süni intellekt imkanlarından istifadə etməklə hazırlanan saxta və manipulyativ materialların təsirini azaltmaq üçün bu istiqamətdə işləri daha da gücləndirməlidir. Eyni zamanda, cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsi informasiya və ideoloji təhdidlərə qarşı ən mühüm müdafiə vasitələrindən biridir. Təhsilin inkişafı yalnız sosial və iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir.
Politoloq 44 günlük Vətən müharibəsinin də bu baxımdan mühüm təcrübə ortaya qoyduğunu söyləyib. Bildirib ki, müharibə dövründə Azərbaycana qarşı informasiya və ideoloji savaşı da aparılıb. Müxtəlif dairələr Azərbaycan ordusunun əldə etdiyi uğurları kölgə altına almağa, ölkəyə kənardan hərbi dəstək göstərilməsi barədə əsassız iddialar yaymağa çalışıblar. Azərbaycan öz qələbəsini öz ordusu, öz xalqı və öz imkanları hesabına qazandı. Prezident İlham Əliyevin “Biz nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq” fikri bu reallığı aydın şəkildə ifadə edir. Bu, Azərbaycanın hərbi və siyasi müstəqilliyinin mühüm göstəricisidir. İdeoloji iş formal tədbirlərlə məhdudlaşmamalıdır. Azərbaycan reallıqları, ölkədə həyata keçirilən layihələr, əldə olunan nəticələr və cəmiyyət həyatında baş verən müsbət dəyişikliklər ardıcıl və obyektiv şəkildə təqdim edilməlidir.
Politoloq xarici informasiya resurslarının Azərbaycan cəmiyyətinə təsir imkanlarının da diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Deyib ki, Azərbaycan haqqında müxtəlif dillərdə yayılan məlumatlara qarşı peşəkar informasiya siyasəti aparılmalı, ölkənin reallıqları yalnız Azərbaycan dilində deyil, rus, ingilis, fransız və digər dillərdə də beynəlxalq auditoriyaya çatdırılmalıdır. Bu istiqamətdə jurnalistlərin, politoloqların və digər ekspertlərin üzərinə mühüm vəzifələr düşür.
“Qarşıdakı mərhələdə əsas vəzifələrdən biri hərbi güc, informasiya və ideoloji dayanıqlılıq, təhsil, iqtisadi imkanlar və ictimai həmrəylik kimi amilləri vahid milli təhlükəsizlik sistemində birləşdirməkdir. Azərbaycan xalqı öz dövlətinin və milli maraqlarının yanındadır. Dövlətin əsas vəzifəsi də bu birliyi qorumaq, ölkənin təhlükəsizliyini təmin etmək və inkişafını davam etdirməkdir. Azərbaycanın qarşısına qoyduğu milli hədəflərdən yayındırılması mümkün deyil”, - deyə E.Həsənov əlavə edib.
Müxbir - Səbinə Əlizadə