Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin irəliləməsi ilə yanaşı, tərəflər arasında qarşılıqlı etimadın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Etimadın möhkəmləndirilməsi üçün isə münaqişənin yaratdığı humanitar nəticələrin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və digər həssas məsələlər üzrə konkret addımların atılması vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində proses gedir və tərəflər bu prosesə öz töhfələrini verməyə çalışırlar. “Bu mərhələdə qarşılıqlı etimadın təmin olunması xüsusi önəm daşıyır. Qarşılıqlı etimad və inam olmadan heç bir məsələnin tam həllinə nail olmaq mümkün deyil. Bu baxımdan, tərəflər arasında anlaşma və etimadın formalaşdırılması sülh prosesinin əsas şərtlərindən biridir. Bunun üçün isə Ermənistan tərəfi ciddi və real addımlar atmalıdır. Bu məsələ yalnız Azərbaycandan asılı deyil, eyni zamanda, Ermənistanın üzərinə də mühüm məsuliyyət düşür, lakin Ermənistan bununla bağlı heç bir addım atmır”, – deyə C.Məmmədov vurğulayıb.
Deputat qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi bir sıra faciələr hələ də hüquqi qiymətini almayıb.”Çoxlu sayda Azərbaycan vətəndaşının taleyi bu günədək müəyyənləşdirilməyib və Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlıq etməlidir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın yeni mexanizmləri tapılmalı və gücləndirilməlidir. Ermənistan da bu prosesə öz töhfəsini verməli, Azərbaycanla əməkdaşlıq etməli və törətdiyi cinayətlərlə bağlı məsuliyyət məsələsinə yanaşmalıdır. Bütün bunlar tərəflər arasında etimadın formalaşmasına xidmət edə bilər”, – deyə C.Məmmədov bildirib.
O, mina probleminin də qarşılıqlı etimadın formalaşmasına təsir edən mühüm məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Deputat bildirib ki, Ermənistan bu istiqamətdə də üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
C.Məmmədov tarixi və mədəni irsə münasibətin də sülh prosesinin humanitar gündəliyində mühüm yer tutduğunu bildirib. “Tarixi abidələrin, o cümlədən Alban abidələrinin dağıdılması ilə bağlı məsələlər həllini tapmalıdır. Bu gün sülhün özü qədər vacib olan məsələlərdən biri qarşılıqlı etimadın yaradılmasıdır. Prezident İlham Əliyevin etimad məsələsini xüsusi vurğulaması təsadüfi deyil. Etimad olmadan davamlı sülh və normal münasibətlər qurmaq çətindir. Buna görə də Ermənistan bu istiqamətdə real addımlar atmalı və etimadın formalaşmasına töhfə verməlidir”, - deyə deputat əlavə edib.
Müxbir - Səbinə Əlizadə