Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir
Bakı, 7 oktyabr, AZƏRTAC
İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi, xüsusilə əhəmiyyətlidir. Ailələr üçün cavabların tapılması həm də hakimiyyət orqanlarının və təşkilatların birlikdə işləmək, etibarlı məlumatları bölüşmək və səylərini əlaqələndirmək imkanlarından asılıdır. Etimad əməkdaşlıq və real irəliləyiş əldə etmək üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Humanitar Hüquq İnstitutunun baş katibi Gian Luka Beruto Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 1970-ci ildə İtaliyanın Sanremo şəhərində təsis olunduğu vaxtdan Beynəlxalq Humanitar Hüquq İnstitutu beynəlxalq humanitar hüququn və insan hüquqlarının qorunması üçün müstəqil və neytral platforma kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, təlim və potensialın gücləndirilməsi institutun missiyasının əsasını təşkil edir. O qeyd edib ki, beynəlxalq hüququn yayılması və təlimlər onun həyata keçirilməsinin və pozuntuların qarşısının alınmasının mühüm hissəsidir.
Baş katib vurğulayıb ki, itkin düşmüş şəxslərlə bağlı səmərəli cavab yalnız bir quruma və ya tədbirə əsaslana bilməz. Bunun üçün itkin düşmə hallarının qarşısını almaq və belə hallar baş verdikdə onlara cavab verməyə imkan verən hüquqi və institusional çərçivələr, məlumatların toplanması və qorunması, itkin şəxslərin axtarışı, qalıqların müəyyənləşdirilməsi, ailələrlə əlaqənin yaradılması və onlara dəstək göstərilməsi üçün mexanizmlər tələb olunur. O əlavə edib ki, bu prosesdə dövlətlər, humanitar təşkilatlar və digər aidiyyəti qurumlar arasında əməkdaşlıq da vacibdir.
“Hər bir itkin şəxsin arxasında bir hekayə, ailə və qeyri-müəyyənlik içində yaşayan icma dayanır”, – deyən Gian Luka Beruto bildirib ki, ailələrin yaxınlarının taleyini bilmək hüququ beynəlxalq humanitar hüquqa əsaslanır və bunun dərin emosional, sosial və iqtisadi nəticələri var. O qeyd edib ki, beynəlxalq humanitar hüquq müharibənin yaratdığı bütün iztirabları aradan qaldıra bilməsə də, iztirabları məhdudlaşdırmaq, zərər çəkmiş insanları qorumaq və məsuliyyəti müəyyənləşdirmək üçün aydın çərçivə yarada bilər.
Onun sözlərinə görə, Bakı Dialoqu kimi təşəbbüslər hüquqi çərçivələri praktiki təcrübə ilə yanaşı nəzərdən keçirməyə, milli və beynəlxalq yanaşmaları bir araya gətirməyə və itkin şəxslərin axtarışı istiqamətində əməkdaşlığı gücləndirməyə imkan verir.