Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır
Bakı, 7 oktyabr, AZƏRTAC
"Aqrar sahə haqqında" qanun layihəsini müzakirə edərkən, onun ilk növbədə, aqrar siyasətin gələcək inkişaf modelini müəyyənləşdirən mühüm qanunvericilik bazası kimi qiymətləndirilməsi vacibdir. Layihədə dövlətin aqrar sahədə əsas vəzifələri sırasında dayanıqlı aqrar sistemin təmin edilməsi, inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin genişləndirilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin və adaptasiya, su artırılması, iqlim dəyişiklikləri ilə mübarizə ehtiyatlarından səmərəli istifadə, monitorinq, qiymətləndirmə və proqnozlaşdırma, investisiyaların təşviqi və aqrar sığortanın inkişafı kimi istiqamətlər müəyyən edilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov oktyabrın 7-də “Aqrar sahə haqqında” qanun layihəsinə dair ictimai dinləmədə çıxış zamanı deyib.
O bildirib ki, bu yanaşma mühüm bir məqamı ortaya qoyur: müasir aqrar siyasətin əsas məqsədi yalnız istehsalın həcmini artırmaqla məhdudlaşa bilməz. Burada əsas məsələ həm də istehsalın davamlılığını, resursların qorunmasını, fermerin iqtisadi dayanıqlığını və gələcək risklərə hazırlığı təmin etməkdir.
“Aqrar sahənin gələcək dayanıqlılığı artıq yalnız torpağın və suyun mövcudluğundan asılı deyil. Əsas məsələ bu resursların dəyişən iqlim şəraitində necə qorunacağı və onlardan necə daha səmərəli istifadə olunacağıdır. İqlim dəyişiklikləri kənd təsərrüfatına bir neçə istiqamətdə təsir göstərir: su ehtiyatlarının azalması və dəyişkənliyi, temperatur artımı, quraqlıq, ekstremal hidrometeoroloji hadisələr, torpaq deqradasiyası və nəticə etibarilə məhsuldarlıq riskləri. Bu səbəbdən layihənin III fəslində iqlim məsələsinin ayrıca hüquqi çərçivədə müəyyənləşdirilməsi və xüsusilə 14-cü maddənin iqlim dəyişiklikləri ilə mübarizə və adaptasiya tədbirlərinə həsr olunması prinsipial əhəmiyyət daşıyır”, - deyə komitə sədri vurğulayıb.
Fotoqraf - Aydın Məmmədov