Qazaxda Zəfər Gününə həsr olunan intellektual yarışda 25 komanda mübarizə aparıb
Qazax, 28 oktyabr, AZƏRTAC
Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual yarış təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə tədbir Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyətini təbliğ etmək, tələbələrin intellektual potensialını, məntiqi təfəkkürünü və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.
İntellektual yarışda 25 komanda mübarizə aparıb. İştirakçılara işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni abidələr, milli-mədəni irsimizin tarixi kökləri, onun qorunması və gələcək nəsillərə çatdırılmasında gənclərin rolu ilə bağlı suallar ünvanlanıb.
Yarışın nəticələrinə əsasən, “Azərbaycan” komandası birinci, “Xankəndi” komandası ikinci, “Qızıl Hacılı” komandası isə üçüncü yeri tutub.
Sonda qalib komandalara sertifikatlar təqdim olunub.
Müxbir - Ruslan Novruzoğlu