Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır
Bakı, 7 oktyabr, AZƏRTAC
İtkin şəxslərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır. Etimad əsas məsələdir: ailələr arasında etimad, bu işlə məşğul olan qurumlara etimad, siyasi mühitə etimad.
AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq sədri Mladen İvaniç Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
Mladen İvaniç bildirib ki, xüsusilə münaqişədən sonrakı cəmiyyətdə etimadı əldə etmək ən çətin məsələlərdəndir. Çünki münaqişədə iştirak edən hər bir tərəf özünü qurban kimi göstərmək və digər tərəfləri günahlandırmaq istəyir ki, bu da bütün siyasi mühitə təsir göstərir.
O qeyd edib ki, bu məsələdə beynəlxalq qurumlar mühüm rol oynaya bilər.
Bosniya və Herseqovinanın sabiq rəhbəri siyasətçilərin bu prosesdə rolundan da bəhs edib.
Mladen İvaniç bildirib ki, müharibədən 31 il keçməsinə baxmayaraq, Bosniya və Herseqovinada hələ də 5-6 min itkin şəxs var. O, konfrans iştirakçılarını itkin şəxslərin ailələrinin təcrübələrini dinləməyə çağırıb: “Onların təcrübəsi ən vacib olanıdır”.