Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar
Qahirə, 7 oktyabr, AZƏRTAC
Fransanın Əlcəzairdəki müstəmləkə hakimiyyəti dövründə yerli əhalinin müqavimətini qırmaq üçün həyata keçirdiyi siyasətin izləri bu gün də ölkədə yaşayan insanların həyatında özünü göstərir. Bu siyasətin nəticələrindən biri də bir sıra əlcəzairli ailələrin soyadlarının dəyişdirilməsi və alçaldıcı adlarla əvəzlənməsi olub.
AZƏRTAC xəbər verir ki, Fransanın Əlcəzairdəki müstəmləkə siyasətinin bu izləri “əl-Cəzirə əl-Vasaiqiyyə” telekanalında “İrsin zəhəri” adlı sənədli filmdə təqdim olunub. Filmdə soyadların dəyişdirilməsi siyasətinin müasir Əlcəzair cəmiyyətində yaratdığı sosial və psixoloji nəticələrdən bəhs olunur. Filmdə göstərilir ki, müstəmləkə hakimiyyəti əlcəzairlilərin müqavimətinin qarşısını almağın çətin olduğunu gördükdən sonra onların milli kimliyinə və mənəvi dəyərlərinə təsir göstərməyə yönəlmiş addımlar atıb. 1882-ci il martın 23-də qəbul edilən “Vətəndaşlıq vəziyyəti haqqında” qanun çərçivəsində ailələrin adlarının qeydiyyata alınması ilə yanaşı, bir sıra soyadların dəyişdirildiyi bildirilir. Bu siyasətin əsas məqsədlərindən birinin insanların öz kökləri ilə əlaqəsini zəiflətmək olduğu qeyd edilir. Bəzi ailələrə onların əcdadlarının adları və nəsil şəcərəsi ilə heç bir əlaqəsi olmayan, təhqiramiz və istehzalı məna daşıyan soyadlar verilib.
Filmdə qeyd olunur ki, müstəmləkə administrasiyası ərəb dilini bilən fransız məmurlardan ibarət xüsusi qruplar yaradıb. Onların yerli dil və ifadələri, eləcə də əlcəzairlilərin mənfi qəbul etdiyi sözləri öyrəndikləri və bu sözlərdən soyadların formalaşdırılmasında istifadə etdikləri bildirilir.
Müsahibələrdə həmin soyadları daşıyan şəxslər ailələrinin üzləşdiyi mənəvi problemlərdən danışırlar. Onlardan biri doğulduğu gündən “Məxənnən” soyadını daşıdığını və bu adın onun üçün təhqiramiz məna kəsb etdiyini bildirir. Digər şəxs isə “Qəhrum” soyadının əcdadlarına məcburi şəkildə verildiyini, bu adın onların əsl soyadı ilə heç bir əlaqəsinin olmadığını deyir.
Məlumata görə, Fransa administrasiyası Əlcəzairdə müstəmləkə dövründə soyadların dəyişdirilməsi prosesini genişləndirmək üçün onillik plan da hazırlayıb. Bu çərçivədə ənənəvi üçhissəli adlandırma sisteminin aradan qaldırılması və insanların yalnız ad və soyadla qeydiyyata alınması nəzərdə tutulurdu. Filmdə bu siyasətin nəticələrinin nəsillər boyu davam etdiyi bildirilir. Bəzi əlcəzairlilər bu gün də daşıdıqları soyadlara görə sosial və psixoloji problemlərlə üzləşdiklərini deyirlər. Xüsusilə uşaqların məktəbdə soyadlarına görə lağ obyektinə çevrildiyi və bunun onların təhsilinə mənfi təsir göstərdiyi vurğulanır.