Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
Pekin, 7 oktyabr, AZƏRTAC
Serbiyalı tennisçi Novak Cokoviç “China Open” turnirində kişilərin yarışının 7-ci dəfə qalibi olub.
AZƏRTAC xəbər verir ki, final oyununda avstraliyalı Aleks de Minaur birinci seti uduzduqdan sonra tibbi yardım almaq üçün meydançanı tərk edib. Sol budundan zədə alan idmançı sarğı ilə korta qayıdıb. Lakin ikinci setin ilk oyununu qazandıqdan sonra yarışı davam etdirə bilməyib və mübarizəni dayandırmalı olub. Nəticədə Novak Cokoviç qalib elan edilib.
Serbiyalı idmançı 2015-ci ildən bəri iştirak etdiyi “China Open” turnirlərində məğlubiyyətsizlik seriyasını (ardıcıl 34 qələbə) davam etdirib. “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi olan 39 yaşlı Novak Cokoviç bu qələbə sayəsində ardıcıl 21-ci ildə fərdi turnir çempionluğunu qazanmış olub. Bu qələbə Cokoviçin karyerasında tur səviyyəsində qazandığı 102-ci titul olub və onu bu göstərici üzrə ümumi siyahında Cimmi Konnorsdan (109 titul) sonra 2-ci yerdə qərarlaşan Rocer Federerə (103 titul) çatmağa bir addım yaxınlaşdırıb.