Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır
Zaqatala, 7 oktyabr, AZƏRTAC
Bəkməz çay Zaqatala rayonu ərazisindən axan 7 əsas çaydan biridir. Mənbəyini Car kəndinin dağlarından götürən bu çay, əsasən Zaqatala şəhərinin mərkəzindən keçir. İyul ayında yağmış aramsız və güclü leysan nəticəsində çayda suyun səviyyəsi dəfələrlə artaraq ciddi fəsadlar törədib.
Bəkməz çayın Zaqatala şəhərinin mərkəzindən keçən hissəsinin hər iki sahili yaşayış evləri, təhsil ocağı və digər sosial obyektlərlə əhatələnib. Selin gətirdiyi qum-çınqıl kütləsinin yığılması nəticəsində suyun səviyyəsi qalxaraq sahilboyu beton bəndləri dağıdıb, piyada səkilərini qəzalı vəziyyətə salıb. Sakinlərin, xüsusən də məktəblilərin istifadə etdiyi bu səkilər hazırda təhlükə mənbəyinə çevrilərək hərəkətdə ciddi çətinliklər yaradır.
Rayon sakini Amil Muradov AZƏRTAC-ın müxbirinə bildirib ki, çayın hər iki sahilində yaşayan insanların və övladlarını məktəbə aparan valideynlərin hər gün təhlükə ilə üz-üzə qaldığını bildirir. O, qarşıdan yağışlı mövsümün gəldiyini və sel riskinin artacağını vurğulayaraq deyib:
“Mənim iki övladım var, biri yaxınlıqdakı məktəbdə oxuyur. Güclü sel nəticəsində gördüyünüz bəndin daş hissələri dağılıb, su yuyub aparıb. Sakinlər və uşaqlarımız bu səkilərdən istifadə edirlər. Həm yolun, həm də piyada zolağının bərbad vəziyyətə düşməsi bizi narahat edir. Aidiyyəti qurumlardan xahiş edirik ki, məsələ böyümədən lazımi tədbirlər görsünlər”.
Sakinlərin müraciətindən sonra rayon icra hakimiyyəti əraziyə texnika cəlb etsə də, bu, təhlükənin tam aradan qaldırılması anlamına gəlmir.
Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov bildirib ki, yay aylarında yağan leysan yağışları çayın şəhər ərazisindən keçən böyük hissəsində ciddi fəsadlar yaradıb. O vaxtdan bəri çayın mənbəyindən başlayaraq ilk növbədə təhlükəsizlik tədbiri kimi sahilbərkitmə işləri həyata keçirilir: “Bu ərazidə 20 il əvvəl mişar daşından müvəqqəti tikilmiş divarlar uçub və arxadakı piyada keçidinə ciddi ziyan dəyib. Nəticələri aradan qaldırmaq üçün yerli imkanlardan istifadə olunur, Suvarma Sistemləri İdarəsinin texnikası cəlb edilməklə bərpa işləri aparılır”.
T.Əhmədovun sözlərinə görə, sel-sular rayon ərazisindən axan Qanıx, Tala, Katex və Muxax çaylarında da qabaqlayıcı tədbirlərin görülməsini zəruri edib. Hazırda Bəkməz çayının Car kəndi və şəhər ərazisindən keçən hissələrində vaxtaşırı təmizləmə və sahilbərkitmə işləri davam etdirilir.
Problemin ciddiliyi və gələcək sel təhlükəsi nəzərə alınaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər olunub. Məlumata görə, növbəlilik əsasında ərazidə davamlı beton bəndlərin qurulması təmin ediləcək.