Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib
Qobustan, 7 oktyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan rayonunda yerləşən “Diri Baba” türbəsinə yerli media nümayəndələrinin iştirakı ilə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Diri Baba” türbə-kompleksinin rəhbəri Yusif Nazim Ərəbsoy jurnalistlərə açıqlamasında türbə barədə ətraflı məlumat verib.
O qeyd edib ki, dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Diri Baba” türbəsi Azərbaycanın ən əsas turizm dəhlizlərindən biri olan şimal-qərb turizm dəhlizində, Bakı-Şamaxı magistral yolunun 1.5 kilometrliyində yerləşir.
“Türbənin kitabəsindəki məlumatlara görə bu abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) əmri ilə tikilib. Türbənin daxili divarlarında “Ustad bin Hacı” (Ustad Hacı oğlu) yazısına rast gəlinir. Naməlum sufi şeyxlərindən birinin qəbrinin yerləşdiyi bu abidə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur. Tarixi İpək Yolu üzərində yerləşən “Diri Baba” türbəsi əsrlər boyu Şirvan bölgəsinə səyahət etmiş avropalı diplomat və səyyahların diqqətini cəlb edib. XVII əsrdə avropalı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, XVIII əsrin əvvəllərində Cornelius de Brun kimi səyyahlar abidəni ziyarət ediblər. Onlar tərəfindən çəkilmiş qravürlər abidənin keçmiş görünüşü haqqında çox qiymətli mənbələrdir. Azərbaycanda Şirvan memarlıq məktəbinin ən nadir nümunələrindən olan “Diri Baba” türbəsi memarlıq xüsusiyyətlərinə görə, Qafqazın unikal abidələrindən biridir. Belə ki, tikilinin daxilindəki bir hissə qaya içərisində təbii oyma nəticəsində formalaşmış oyuqda yerləşir”,- deyə kompleksinin rəhbəri əlavə edib.
Yusif Nazim Ərəbsoy “Diri Baba” abidəsinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kahaların olduğunu deyib: “Orta əsrlərə aid qəbiristanlıq və abidənin təbii ətraf mühiti (qayalıqlar, dərəvari təbii strukturda yerləşməsi) bütövlükdə mədəni məzmun əmələ gətirərək, ümumi tarixi landşaft formalaşdırır. “Diri Baba” türbəsi Azərbaycanın orta əsr memarlıq tarixinin öyrənilməsi baxımdan, həmçinin Şamaxı-Şirvan bölgəsinin sufi ənənəsinin turistlər tərəfindən kəşf edilməsi üçün birinci halqa təşkil edir”.
Müxbir - Fidan Əlizadə