Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Azərbaycanın maliyyə naziri Sahil Babayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (RƏT) Baş katibi Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə rəqəmsal transformasiya və innovasiyaların maliyyələşdirilməsi məsələləri müzakirə edilib. Milli rəqəmsal prioritetlərin maliyyələşdirilməsi, dövlət investisiyalarının səmərəliliyinin artırılması, innovativ maliyyələşdirmə mexanizmləri, eləcə də rəqəmsal infrastruktur və innovasiya sahələrində investisiya tərəfdaşlıqlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Sahil Babayev rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal iqtisadiyyatların inkişafı və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində RƏT-in rolunu yüksək qiymətləndirib. Azərbaycanın RƏT-ə üzvlüyünün təsdiq edilməsi ilə bağlı qərarın məmnunluqla qarşılandığını bildirən nazir RƏT ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Sahil Babayev bildirib ki, “Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin rəqəmsal transformasiya gündəliyinin əsas istiqamətlərini müəyyən edir və süni intellekt, innovasiya, kibertəhlükəsizlik və digər prioritet sahələri əhatə edir. Nazir qeyd edib ki, rəqəmsal inkişaf məsələləri ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzindədir. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə yaradılmış Rəqəmsal İnkişaf Şurası rəqəmsal inkişafın əsas istiqamətləri üzrə dövlət siyasətinin formalaşdırılması və əlaqələndirilməsini, müvafiq tədbirlərin icrasının koordinasiyasını və bu sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin edir.
Görüşdə, həmçinin dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib. Bildirilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) büdcə idarəçiliyi, xəzinədarlıq, mühasibat uçotu, dövlət satınalmaları və dövlət əmlakının idarəedilməsi üzrə proseslərin vahid rəqəmsal mühitdə inteqrasiyasına, onların daha səmərəli, çevik və operativ şəkildə həyata keçirilməsinə imkan yaradır.
Eyni zamanda, dövlət maliyyəsinin idarəedilməsində süni intellekt texnologiyalarının tətbiqi imkanlarına toxunan Sahil Babayev RDMİS çərçivəsində süni intellekt texnologiyalarına əsaslanan həllərin hazırlanmasına başlanıldığını bildirib. Qeyd olunub ki, gələcəkdə bu texnologiyalardan maliyyə təhlili, risklərin müəyyənləşdirilməsi, proqnozlaşdırma, anomaliyaların aşkarlanması və qərarların qəbulunun dəstəklənməsi məqsədilə istifadə üçün geniş imkanlar mövcuddur.
Öz növbəsində, Dima Əl-Yahya rəqəmsal transformasiya və dövlət maliyyəsinin idarəedilməsinin rəqəmsallaşdırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, RƏT çərçivəsində rəqəmsal inkişaf, süni intellekt, innovasiya və investisiya tərəfdaşlıqları üzrə Azərbaycanla təcrübə mübadiləsinin və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüş zamanı, həmçinin xəzinə sisteminin modernləşdirilməsi, rəqəmsal transformasiya layihələrinin maliyyələşdirilməsi və investisiya imkanları müzakirə olunub. Bu istiqamətdə dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə yanaşı, özəl kapitalın və beynəlxalq maliyyə institutlarının maliyyə resurslarının səfərbər edilməsinin, habelə rəqəmsal infrastruktur və innovasiya layihələrinə investisiyaların təşviqinin mühüm əhəmiyyət daşıdığı qeyd olunub.