ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
ADA Universitetinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Üçüncü İllik Simpoziumu keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Ali təhsilin inkişafı: keyfiyyətin təminatı, proqramın hazırlanması və innovasiya” mövzusuna həsr olunan ikigünlük tədbir ölkənin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrini, eləcə də yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Simpozium ADA Universitetinin akademik məsələlər üzrə prorektoru professor Elkin Nurməmmədovun açılış nitqi ilə başlayıb. O, bu cür tədbirlərin ali təhsilimizin gələcək inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
TKTA İdarə Heyətinin sədri Tural Əhmədov ali təhsildə keyfiyyət təminatı üzrə beynəlxalq meyillər barədə məlumat verib. O, universitetlərin əldə etdikləri irəliləyişlərə əsaslanaraq yeni yanaşmaları çevik şəkildə tətbiq etmələrinin vacibliyini vurğulayıb. Simpozium Azərbaycan universitetlərinə qabaqcıl təcrübələrini bölüşmək və ali təhsildə keyfiyyətin davamlı təkmilləşdirilməsi yollarını müzakirə etmək üçün mühüm platforma yaradıb.
Sonra “İnstitusional inkişaf üçün akkreditasiyadan sonrakı strategiyalar” mövzusunda yüksək səviyyəli interaktiv panel müzakirəsi təşkil olunub. Paneldə Sumqayıt Dövlət Universitetinin rektoru professor Nuralı Yusifbəyli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru dosent Zəfər Qurbanov və Xəzər Universitetinin rektoru professor Raziyə İsayeva iştirak ediblər.
Bununla yanaşı, tədbirdə ADA Universiteti, TKTA və Bakı Ali Neft Məktəbinin nümayəndələri “Daxili keyfiyyət təminatı: monitorinq və qiymətləndirmə mexanizmləri”, həmçinin “Məzunların məşğulluğuna dəstək: Karyera xidmətlərinin rolu” kimi aktual mövzularda çıxış ediblər.
İkigünlük tədbir çərçivəsində iştirakçılar akkreditasiya strategiyaları, tədris planlarının təkmilləşdirilməsi, tələbəyönümlü yanaşmalar və təhsildə süni intellektin tətbiqi sahəsindəki son tendensiyalar ətrafında geniş fikir mübadiləsi aparıblar.
Almaniyanın Potsdam Universitetinin Keyfiyyətin İnkişafı Mərkəzinin həmrəhbəri Frank Nidermayer ADA Universitetinin Keyfiyyət Təminatı və Akkreditasiya komandasının fəaliyyətini yüksək qiymətləndirərək, simpoziumun yaxşı təşkil olunduğunu və seçilmiş mövzuların çox düşünülmüş xarakter daşıdığını bildirib. O, tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu qeyd edərək, belə təşəbbüslərin milli təhsil sisteminin davamlı inkişafı üçün əvəzsiz olduğunu vurğulayıb.
ADA Universitetinin keyfiyyət təminatı və akkreditasiya üzrə direktoru Maurus Roller isə akademik keyfiyyət və təhsil sahəsində innovasiyalar ətrafında davamlı dialoqun əhəmiyyətinə toxunub. O qeyd edib ki, bu istiqamətdə dialoqun təşviq edilməsi hər zamankından daha vacibdir və simpozium məhz bu mühüm müzakirələrin dərinləşməsinə xidmət edir.
Simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.