Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Vətən müharibəsində şəhid olan qəhrəmanlardan biri də Elsevər Paşayevdir.
AZƏRTAC xəbər verir ki, Elsevər Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşdükdən sonra onun ailəsi Beyləqan rayonunda məskunlaşıb.
Elsevər Paşayev 1994-cü ildən Beyləqanın Milabad qəsəbəsində fəaliyyət göstərən Qovşudlu kənd orta məktəbində təhsil almağa başlayıb. 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alaraq, zabit rütbəsinə yüksəlib.
2010-cu ildə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Bakı şəhərində NATO-nun sülhməramlı taborunda xidmət edən Elsəvər Paşayev bu müddətdə müxtəlif beynəlxalq təlimlərdə iştirak edib. Türkiyə, Bolqarıstan, Çexiya, Almaniya, Böyük Britaniya və Əfqanıstanda keçirilən təlimlərdə iştirak edən zabit müxtəlif fəxri fərman və sertifikatlarla təltif olunub.
2020-ci ildə Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edən Elsevər Paşayev həmin vaxt kapitan rütbəsində olub. Döyüşlərdə göstərdiyi şücaətə görə mayor rütbəsinə yüksəlib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
O, 2020-ci il oktyabrın 20-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dörd gün komada qaldıqdan sonra oktyabrın 25-də şəhid olub. O, II Fəxri xiyabanda dəfn edilib.
Şəhid mayor Elsevər Paşayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin iki qızı var. Elsevər Paşayevin həyat yoldaşı Xəyalə Paşayeva deyib ki, kiçik qızları atasını xatırlamır. Böyük qız isə atasına çox bağlı olub və onun yoxluğuna alışması uzun zaman alıb.
İndi şəhidin yadigarlarının qarşılarına qoyduqları əsas məqsədlərdən biri atalarının arzusu olan həkimlik peşəsinə yiyələnməkdir. Onlar bu məqsədi reallaşdırmaq üçün səylə çalışırlar.
Müxbir - Günel Türksoy