Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq
Tbilisi, 6 oktyabr, AZƏRTAC
Tbilisidə Yaşıl İqlim Fondunun (GCF) regional dialoqu keçirilir.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək tədbirdə region ölkələri ilə yanaşı, Şərqi Avropa və Mərkəzi Asiyadan olan nümayəndələrdə iştirak edirlər.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi regional dialoqun ilk günündə “Ambisiyadan tətbiqə: iqlim investisiyalarının və milli prioritetlərə əsaslanan regional əməkdaşlığın genişləndirilməsi" mövzusunda nazirlər səviyyəsində dəyirmi masa təşkil olunub. İştirakçılar iqlim layihələrinin maliyyələşdirilməsi, təbii fəlakətlərdən qorunma, iqlim dəyişmələri, regional əməkdaşlığın gücləndirilməsi və iqlim investisiyalarının cəlb edilməsi imkanları ilə bağlı ümumi çətinlikləri nəzərdən keçiriblər.
GCF-in Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq üzrə direktoru Tomas Eriksson bildirib ki, tədbir region ölkələrinə təcrübə mübadiləsi aparmaq, tərəfdaşlığı gücləndirmək və iqlim problemlərinin həlli istiqamətində konkret addımlar atmaq imkanı yaradır.
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili çıxışında iqlim dəyişmələrinin Cənubi Qafqaz regionu üçün getdikcə daha ciddi bir problemə çevrildiyini və ölkələrimizə, eləcə də əhaliyə əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırıb.
Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani iqlim dəyişmələrinin ekosistemlərə və infrastruktura getdikcə daha çox mənfi təsir göstərdiyini, cəmiyyətlər və iqtisadiyyatlar üçün yeni çətinliklər yaratdığını vurğulayıb. Bildirib ki, Gürcüstanın dağlıq relyefi və müxtəlif iqlim zonaları nəzərə alınmaqla, daşqınlar, sürüşmələr, sellər və digər təbii fəlakətlər ölkə üçün xüsusi risk təşkil edir. Onun sözlərinə görə, Gürcüstanın Yaşıl İqlim Fondu ilə uzunmüddətli əməkdaşlığı nəticəsində ölkədə 150 yeni monitorinq stansiyası yaradılıb, 11 sürüşməyə meyilli ərazidə geoloji avadanlıq quraşdırılıb və 11 çay hövzəsi üçün risklərin qiymətləndirilməsi üzrə informasiya sistemi hazırlanıb.
Tematik və plenar iclaslar zamanı, həmçinin karbon bazarları, iqlim platformaları, özəl sektorun iştirakı, erkən xəbərdarlıq sistemləri və fondun strateji layihələri diqqət mərkəzində saxlanılıb.
Növbəti günlərdə regional dialoq iştirakçıları iqlim layihələrinin hazırlanması və maliyyələşdirilməsi məsələlərinə diqqət yetirəcəklər. Onlar fondun maliyyələşdirmə və dəstək alətləri, o cümlədən Hazırlığa Dəstək Proqramı (RP) və Layihəyə Hazırlığa Dəstək Proqramı (PPF) ilə tanış olacaqlar. Konkret layihələri və onların maliyyələşdirmə imkanlarını müzakirə etmək üçün fərdi görüşlərin keçirilməsi də planlaşdırılır.