Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir
Bakı, 6 oktyabr, AZƏRTAC
Ötən gecə Hörmüz boğazında neft daşıyan tankerlərə növbəti dəfə silahlı hücum edilməsinə baxmayaraq, dünya bazarında neftin qiymətində nisbi artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, qiymətin artmasının əsas səbəbi “Böyük Yeddilik” ölkələrinin strateji ehtiyatlardan bazara 100 milyon barel neft və dizel yanacağı çıxarmaq qərarıdır. Səudiyyə Ərəbistanı alternativ yollardan istifadə etməklə təchizatı nisbətən bərpa etsə də, qiymətlərdə hiss olunacaq dəyişiklik baş vermir. Buna səbəb isə ABŞ-nin sanksiyaları nəticəsində İranın neft ixracının sıfıra düşməsidir.
Bütün bunlarla yanaşı, bazarda qiymətlərə təsir göstərən əsas amil Hörmüz boğazındakı vəziyyətdir. Boğazın bağlı qalması yalnız bazarın neftlə təchizatını dayandırmayıb. Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və digər Yaxın Şərq ölkələri neft hasil edirlər. Lakin hasil olunan nefti bazara çıxara bilmədikləri üçün anbar və terminallarda toplayır.
Artıq bu dövlətlərin yataqlarının, neftayırma zavodlarının, limanlardakı terminalların və anbarların neftlə dolduğu bildirilir. Təhlükə ondan ibarətdir ki, hasil olunan neft nəql olunmur və ya çox az miqdarda nəql edilir. Bu isə anbarların dolmasına və neftin saxlanılması üçün yer tapılmamasına gətirib çıxara bilər.
Belə olan halda, adıçəkilən dövlətlər məcburiyyət qarşısında qalaraq yataqları bağlamalı olacaqlar ki, bu da bazara əlavə təsir göstərə bilər. Bununla da geosiyasi risklərlə yanaşı, bazarda tələb və təklif prinsipi də əsaslı şəkildə pozula bilər. Hörmüz boğazının bağlı qalması belə bir perspektiv yaradır ki, bu da bazarda növbəti qiymət artımı dalğasına səbəb ola bilər.
“Commonwealth Bank of Australia” bankının analitiki Vivek Dhar bildirib ki, Avropa və ABŞ-də strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir.