Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
Pekin, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Malayziyanın BERNAMA dövlət informasiya agentliyinin nəzdində fəaliyyət göstərən BERNAMA radiosunda Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas, pedaqoq, publisist və dramaturq Üzeyir Hacıbəylinin anadan olmasının 141 illiyi, Azərbaycan Milli Musiqi Günü və ölkəmizdə bu yaxınlarda baş tutmuş Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar bir neçə gün müxtəlif saatlarda dahi bəstəkarın əsərləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, yayımlar zamanı Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisinin formalaşmasında rolu, milli opera və operettanın yaradıcısı kimi misilsiz xidmətləri barədə dinləyicilər geniş şəkildə məlumatlandırılıb, bəstəkarın ölməz əsərlərindən – “Koroğlu” operasından uvertüra, “Arşın mal alan” operettasından seçmələr, simfonik və kamera musiqiləri təqdim olunub. BERNAMA radiosunun aparıcıları qeyd ediblər ki, Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə Azərbaycan mədəniyyətinin deyil, ümumdünya musiqi xəzinəsinin əvəzolunmaz hissəsidir. Proqramlarda, həmçinin bəstəkarın Şərq və Qərb musiqi üslublarını sintez edən yenilikçi yanaşması xüsusilə vurğulanıb.
Dahi bəstəkarımızın ölməz əsərləri BERNAMA radiosu ilə yanaşı Malayziyanın İctimai Televiziya və Radio Yayımları Şirkəti RTM-in nəzdində fəaliyyət göstərən RTM radiosu, AL FM, Radio Nasional və TRAXX FM radio stansiyaları vasitəsilə də müxtəlif gün və saatlarda səsləndirilib.
Bəstəkarın müxtəlif janrlarda yaratdığı əsərlər səfirliyin təşəbbüsü nəticəsində davamlı istifadə olunmaq məqsədilə Malayziyanın İctimai Televiziya və Radio Yayımları Şirkəti RTM-in yayım şəbəkəsinə daxil edilib. Həmin musiqi nümunələri artıq həm RTM radiosunun paytaxt Kuala Lumpur şəhərindəki baş ofisinin radio stansiyaları üçün yaradılan "Dira" sistemində, həm də ölkənin bütün ştatları üzrə fəaliyyət göstərən RTM-ə məxsus digər dövlət radio stansiyaları üçün yaradılan "eSisla" sistemində mövcuddur. Bu, Azərbaycanın zəngin musiqi irsinin beynəlxalq miqyasda təbliği, Üzeyir Hacıbəyli yaradıcılığının beynəlxalq auditoriyaya daha geniş çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.