Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir
Bakı, 6 oktyabr, AZƏRTAC
Layihələri qiymətləndirərkən ümumi maliyyələşdirilə bilmə adlandırdığımız anlayışa əsaslanırıq. Adətən bu, tənzimləyici sabitlik, risklərin müvafiq paylanması və layihənin hazırlıq komponentləri və sair kimi məsələləri əhatə edir. Azərbaycanda tənzimləmə mühitinin çox sabit olduğunu və hökumətin çox güclü fiskal balans hesabatına sahib olduğunu deyə bilərəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) assosiativ direktor Real Hacıyev Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində "Azərbaycanda investisiyaların sürətləndirilməsi" adlı panel müzakirələrdə deyib.
“Yəni bu komponentlər artıq mövcuddur. Çatışmayan cəhət isə xüsusi investisiyaları layihələrə cəlb etmək və səfərbər etmək üçün zəruri olan institusional çərçivədir, eləcə də beynəlxalq investorların tələblərinə cavab verən layihə hazırlığı üçün resurslar və ya fundamental komponentlərdir: "Məsələn, institusional çərçivəyə gəldikdə, adətən Azərbaycan layihələrində müəyyən növdə EPC (mühəndislik, təchizat və tikinti) müqavilələrinə üstünlük verilir. Xüsusilə böyük layihələrdə müqavilə bağlamaq və layihələri təhvil vermək üçün vahid bir modelə arxalanırlar. Lakin Dövlət-Özəl Tərəfdaşlığı kimi alternativ yollar da var və bu çərçivəsində investorları cəlb etmək üçün müxtəlif modellər mövcuddur. Əsas vacib məqam odur ki, layihələrin özləri texniki baxımdan fundamental olaraq güclü olsun və risklər tərəflər arasında müvafiq şəkildə bölüşdürülsün. Bu prosesdə çoxşaxəli inkişaf banklarının roluna gəldikdə isə, biz institusional səviyyədə hökumətlərə bu boşluqları aradan qaldırmağa, zəruri ekspertizanı gətirməyə, layihələrin müəyyən edilməsi, işlənilməsi və təhvil verilməsi üçün alternativ yollar hazırlamağa kömək etməyə çalışırıq. Həmçinin texniki yardım fondları və daxili resurslarımız hesabına bu investisiya layihələrinin hazırlanmasına dəstək oluruq ki, bu layihələr hazır olduqda özəl investorlar, kreditorlar və kapital investorları da onlara sərmayə qoymağa hazır olsunlar”, - deyə o bildirib.
Foto - Tofiq Babayev