Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib
Antalya, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın ali təhsil müəssisələri artıq 4-cü ildir Beynəlxalq Astronavtika Konqresində təmsil olunur. Builki konqresdə 17 ali təhsil müəssisəsindən 80-dən çox tələbə burada öz məqalələri ilə çıxış edir. Təbii ki, müraciətlərin sayı daha da çoxdur. Burada ən sevindirici məqamlardan biri də 87 tələbəmizin məqaləsinin “Scopus Index” bazasına daxil olmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qrupları icra komitəsinin rəhbəri dosent Elza Səmədova səsləndirib.
“Hesab edirəm ki, bu cür proqramlarda iştirak gənclərimizin öz potensialını ortaya qoyması, yeni imkanlar əldə etməsi və gələcəkdə müxtəlif sahələrdə uğur qazanması və özlərini inkişaf etdirmək baxımından mühüm imkanlar yaradır. Proqram şagirdlərin müxtəlif sahələrdə uğur əldə etməsinə, yeni əlaqələr qurmasına və şəxsi inkişafına böyük töhfə verir. Bu baxımdan, xüsusilə kosmos sahəsində fəaliyyət göstərən “Azərkosmos” və “Space Academy”nin həyata keçirdiyi işləri qeyd etmək istərdim”, - deyə o bildirib.
Elza Səmədova qeyd edib ki, burada məqsəd yalnız şagirdlərə dəstək göstərmək və mükafat vermək deyil. Tələbələr üçün mütəmadi təlimlərin, məlumatlandırma sessiyalarının və inkişaf proqramlarının təşkil olunması da böyük əhəmiyyət daşıyır: “Fikrimcə bütün bunlar gənclərin inkişafı baxımından Azərbaycanın təhsil sisteminin olduqca əhəmiyyətli məqamlarıdır”.