AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Fransanın Kənd Təsərrüfatı Nazirliyi və Heyvandarlıq üzrə Tətbiqi Tədqiqat və Texniki İnstitutunun (IDELE) nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sahəsində təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Tədbir zamanı Fransada heyvanların identifikasiyası və qeydiyyatı sisteminin təşkili, heyvanların fərdi identifikasiyası, məlumatların elektron qaydada qeydiyyatı və idarə olunması, aidiyyəti informasiya sistemləri ilə inteqrasiya, eləcə də heyvanların hərəkətinin izlənilməsi və məlumatların uçotu üzrə tətbiq olunan yanaşmalar barədə təqdimatlar keçirilib.
Görüşdə HİQS-nin texniki və institusional aspektləri, informasiya texnologiyalarından səmərəli istifadə, məlumat bazalarının idarə olunmasında Fransa təcrübəsi və sistemin inkişaf etdirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda heyvanların identifikasiyası və qeydiyyatı sahəsində Azərbaycan və Fransa arasında əməkdaşlığın, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.