Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır
Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır
Bakı, 6 oktyabr, AZƏRTAC
Orta Dəhliz Asiya ilə Avropa arasında mühüm bağlantıya çevrilir və Azərbaycan bu marşrutda mühüm tranzit, logistika qovşağı rolunu oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Nərgiz Viek mətbuat konfransında deyib.
N.Viek qeyd edib ki, əlaqələndirmə yalnız nəqliyyatla məhdudlaşmır.
“Buraya enerji, rəqəmsallaşma, logistika və investisiya sahələrində əməkdaşlıq da daxildir. Bizim üçün Orta Dəhliz yalnız tranzit marşrutu olmamalıdır. O, Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında investisiyalar, sənaye əməkdaşlığı və daha güclü iqtisadi inteqrasiya platformasına çevrilə bilər. Almaniya və Azərbaycan arasında güclü ticarət əlaqələri mövcuddur və qarşıdakı mərhələdə əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycan şirkətlərinin Almaniya və Avropanın dəyər zəncirlərinə inteqrasiyası vacibdir. Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və enerji əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar yaradır. Bu istiqamətlər Almaniya şirkətləri üçün mühəndislik, texnologiya, avadanlıq, rəqəmsal həllər, maliyyələşdirmə və layihələrin hazırlanması sahələrində əməkdaşlıq imkanları açır”, - deyə AHK Azerbaijan-ın icraçı direktoru vurğulayıb.
“AHK Azerbaijan”ın icraçı direktoru yaşıl enerji dəhlizlərinin yaradılmasının da böyük potensiala malik olduğunu bildirib: “Bu dəhlizlər Azərbaycanın və Xəzər regionunun bərpaolunan enerji potensialını Avropa bazarları ilə əlaqələndirə bilər. Əsas məqsəd mövcud imkanları konkret ikitərəfli layihələrə çevirmək və uzunmüddətli biznes əməkdaşlığını gücləndirməkdir. Nəqliyyat və logistika infrastrukturunun inkişafı ilə yanaşı, rəqəmsallaşma, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Almaniya şirkətləri bu sahələrdə texnologiya, mühəndislik, avadanlıq, rəqəmsal həllər, maliyyələşdirmə və layihələrin hazırlanması istiqamətlərində Azərbaycanın tərəfdaşları ola bilərlər”.