Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı rəsmiləri oktyabrın 6-da bildiriblər ki, bir gün əvvəl ölkənin cənubundakı iki hava limanına edilən hücumlarda üç nəfər yaralanıb və bu mülki obyektlərə maddi ziyan dəyib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin (GACA) açıqlamasına görə, Cəzandakı Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Nəcran Beynəlxalq Hava Limanı hücumlara məruz qalıb. Təcili yardım qrupları və müvafiq orqanlar təsdiq edilmiş prosedurlara uyğun olaraq hücumlara dərhal reaksiya verib. Hücumlar nəticəsində üç nəfər yüngül xəsarət alıb və onlar tibbi müalicə üçün xəstəxanaya aparılıb, maddi ziyan da qeydə alınıb.
Aviasiya idarəsi zərəri qiymətləndirmək, sərnişinlərin, işçilərin və Krallığın mülki aviasiya sisteminin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək məqsədilə müvafiq təhlükəsizlik qurumları ilə işlədiyini bildirib.
Bəyanatda hücumların kim tərəfindən törədildiyi açıqlanmayıb. Lakin Yəmən husiləri bazar ertəsi günü Cəzan və Nəcrandakı “həssas yerlər” adlandırdıqları ərazilər də daxil olmaqla Səudiyyə Ərəbistanına bir sıra raket və dron hücumları həyata keçirdiklərini bildiriblər. Qrup, həmçinin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, Abha Hava Limanına, Rabiqdəki “Aramco” neft emalı zavoduna və hərbi obyektlərə hücumlar təşkil etdiyini iddia edib.
Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından bəri Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini husilərə qarşı dəstəkləyən hərbi koalisiyaya rəhbərlik edir. Qrup 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sənaya və bir neçə digər əraziyə nəzarət edir.