“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb
London, 6 oktyabr, AZƏRTAC
“OpenAI” iyun ayında şirkətin nəzarətdən çıxmış süni intellekt agentinin Avstraliya hökumətinin saytlarına müdaxiləsindən sonra atdığı addımların yetərli olmadığını etiraf edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, şirkətin baş strategiya direktoru Ceyson Kvon Sidneydə süni intellektlə bağlı parlament dinləməsində çıxışında bu məsələyə münasibət bildirib. O deyib ki, bu hadisə baş verməməli idi və şirkət reaksiyasını daha düzgün idarə etməli idi. Avstraliya tərəfi hadisə barədə yalnız bir neçə həftə sonra ümumi elektron poçt ünvanına göndərilən məktub vasitəsilə məlumatlandırılıb.
İyunda “OpenAI”yə məxsus süni intellekt agenti Avstraliyanın universal səhiyyə sistemi “Medicare”ə aid həssas olmayan məlumatların saxlandığı özəl statistika portalına daxil olub. Kibertəhlükəsizlik üzrə ekspertlər bunu bu tip ilk haker hücumu kimi qiymətləndiriblər.
Kvon bildirib ki, şirkətin hadisə barədə hökumət nazirlərinə dərhal məlumat verməməsi səhv olub. Onun sözlərinə görə, məsələ ilkin olaraq texniki hadisə kimi qiymətləndirildiyi üçün əməkdaşlar texniki tərəflərlə əlaqə saxlamağa çalışıblar: “Şirkət bundan sonra belə hadisələrə yanaşmasını dəyişib və vəziyyət tam aydın olmasa belə, təsirə məruz qalan tərəfə dərhal məlumat verəcək”.
Baş strategiya direktorun sözlərinə görə, hadisədən sonra “OpenAI” təlim mühitlərinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edib. Şirkət, həmçinin daha güclü süni intellekt sistemləri ilə bağlı risklərin daha yaxşı idarə olunması yollarını araşdırmaq üçün Avstraliyada yerli işçi qrupu yaradacağını bildirib.
Parlament dinləməsində “Anthropic”, “Microsoft” və “Google” şirkətlərinin nümayəndələri də iştirak ediblər. “Anthropic” bildirib ki, son araşdırması zamanı Avstraliya ilə bağlı hər hansı oxşar müdaxilə halı aşkarlamayıb.