Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın yerləşdiyi region Avropa ilə Asiya arasında nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölken mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır və Orta Dəhlizin inkişafı ölkələr arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır.
D.Lölken regionda mövcud təhlükəsizlik çağırışlarına da diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanın iki böyük qonşusu hazırda müharibə vəziyyətindədir.
“Ermənistanla sülh prosesinin davam etdirilməsini yüksək qiymətləndiririk. Hər iki hökumətin bu istiqamətdə fəaliyyətini davam etdirməsi regionun sabitliyi üçün olduqca vacibdir”, - deyə diplomat vurğulayıb.
Səfir bildirib ki, regional sabitliyin möhkəmləndirilməsi nəqliyyat, enerji və iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yarada bilər.
O əlavə edib ki, Almaniya Azərbaycanın regional bağlantı imkanlarının inkişafında yaranan yeni əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir.