Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişafı üçün mühüm siyasi baza formalaşıb.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölken Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin iyul ayında Berlinə səfəri zamanı imzalanmış strateji gündəlik ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafına yeni impuls verib.
D.Lölken vurğulayıb ki, enerji, nəqliyyat və əlaqələndirmə ilə yanaşı, müdafiə sənayesi, təhsil və səhiyyə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur.
Onun sözlərinə görə, siyasi səviyyədə yaradılmış əlverişli çərçivə biznes əlaqələrinin inkişafına da müsbət təsir göstərəcək.
“Biznes üçün siyasi dəstək və etimad mühitinin yaradılması çox vacibdir”, - deyə səfir bildirib.
D.Lölken əlavə edib ki, Almaniyanın Azərbaycandakı səfirliyi AHK Azerbaijan ilə sıx əməkdaşlıq edir və iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.