Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın nəqliyyat, kommunikasiya, enerji və rəqəmsal sahələrdə həyata keçirdiyi layihələr vahid bağlantılılıq konsepsiyasının tərkib hissəsidir.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində “Nəqliyyat və logistika – Orta Dəhliz: Azərbaycanın strateji rolu və tərəfdaşlıqları” mövzusunda paneldə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Azərbaycan ilə Almaniya arasında nəqliyyat, sənaye və kommunikasiya sahələrində tarixi əlaqələr mövcuddur. Onun sözlərinə görə, XIX əsrdə Siemens qardaşları Gədəbəy ərazisində mis istehsalı müəssisəsi yaradıb, onun fəaliyyətinin təmin edilməsi üçün dəmir yolu və digər infrastruktur qurulub.
R.Həsənov qeyd edib ki, nəqliyyat, kommunikasiya və enerji ayrı-ayrı istiqamətlər deyil, vahid bağlantılılıq konsepsiyasının tərkib hissələridir. Bağlantılılıq malların, xidmətlərin, insanların və məlumatların bazarlar arasında sürətli və münasib xərclərlə hərəkətini təmin edir.
Son illərdə baş verən münaqişələrin quru və dəniz marşrutlarının, boğazların və sualtı kabellərin həssaslığını göstərdiyini deyən nazir müavini bildirib ki, Azərbaycan bu çağırışlara Orta Dəhliz və rəqəmsal dəhliz vasitəsilə cavab verir.