Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanda rəqəmsal transformasiya ayrı-ayrı layihələrin məcmusu kimi deyil, milli səviyyədə strateji istiqamət kimi nəzərdən keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Rəqəmsal inkişaf və innovasiya şöbəsinin müdiri Rəşad Xalıqov “Rəqəmsallaşma – Rəqəmsal Dəhlizin Qurulması” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, bu istiqamətdə ölkənin rəqəmsal inkişaf baxışlarını və prioritetlərini müəyyən edən bir sıra strateji sənədlər qəbul olunub.
“Rəqəmsal inkişaf konsepsiyası ilə yanaşı, Azərbaycanda süni intellekt və kibertəhlükəsizlik strategiyaları da hazırlanıb. Bu fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqamət üzərində qurulub. İnsan kapitalı, infrastruktur, qanunvericilik və idarəetmə isə bu istiqamətlərin həyata keçirilməsini təmin edən əsas amillərdir. Fəaliyyət planı çərçivəsində 58 təşəbbüs müəyyənləşdirilib və onların icrasına başlanılıb. Bu təşəbbüslərdən 18-i yüksək təsir imkanlarına malik layihələr kimi müəyyən edilib. Milli məlumat gölünün yaradılması, dövlət informasiya sistemlərinin vahid “eGov” tətbiqində birləşdirilməsi və bulud texnologiyalarına keçid əsas layihələr sırasındadır. “G-Cloud” layihəsinin icrasına 2018-ci ildən başlanılıb. Hazırda dövlət informasiya sistemlərinin böyük hissəsi “G-Cloud” infrastrukturuna köçürülüb və bu prosesin ilin sonunadək tamamlanması nəzərdə tutulur”, - deyə R.Xalıqov bildirib.
Şöbə müdiri süni intellektin dövlət xidmətlərində tətbiqinin də prioritet istiqamətlərdən biri olduğunu deyib: “Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində süni intellektin dövlət xidmətlərində tətbiqi və müxtəlif sahələr üzrə yüksək təsirə malik istifadə nümunələrinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Dövlət xidmətlərinin rəqəmsallaşması yeni kibertəhdidlər yaradır və bu səbəbdən fəaliyyət planı çərçivəsində kibertəhlükəsizliyin gücləndirilməsi ilə bağlı mühüm təşəbbüslər həyata keçirilir. Fiziki dünyada Orta Dəhlizdən danışırıqsa, rəqəmsal dünyada özümüzü yalnız bir dəhlizlə məhdudlaşdıra bilmərik. Məqsəd rəqəmsal ekosistemi qlobal texnoloji trendlərə uyğun formalaşdırmaqdır.