Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
Paris, 6 oktyabr, AZƏRTAC
Fransada lisey şagirdlərinin etirazları oktyabrın 6-da tələbə və müəllimlərin iştirakı ilə daha geniş miqyas alıb. Ölkədə müxtəlif sosial qrupların yeni tətil və etiraz çağırışları fonunda narazılıqların birləşməsi ehtimalı müzakirə olunur, lakin hələlik genişmiqyaslı sosial hərəkatın başlayacağını söyləmək üçün kifayət qədər əsas yoxdur.
AZƏRTAC xəbər verir ki, Təhsil Həmkarlar ittifaqları və Tələbələr Birliyinin çağırışından sonra təxminən 600 liseydə dərslərin dayandırılması gözlənilir. Hökumət isə etirazların səngiməsinə ümid edir, təhsil naziri Eduar Jefrey dərslərin çərşənbə günündən bərpa olunacağını gözlədiyini bildirib.
Bununla yanaşı, qarşıdakı həftələrdə yeni sosial aksiyalar planlaşdırılır. Oktyabrın 17-də “Bahalı həyat”a qarşı çağırışlar yayılır, həmkarlar ittifaqları isə noyabrın 5-də maaşlar, dövlət xidmətləri və məşğulluğun müdafiəsi tələbi ilə ümumi tətilə çağırıb. Alıcılıq qabiliyyətinin azalması, dövlət qulluqçularının maaşlarının dondurulması və pensiyaların artırılması tələbləri sosial narazılığın əsas mövzuları sırasındadır.
Bütün bu amillər aksiyaçıların birləşməsi ehtimalını gündəmə gətirsə də, ekspertlər geniş sosial böhranla bağlı proqnozlarda ehtiyatlı olmağa çağırırlar. Fransanın yaxın tarixində böyük sosial hərəkatların bir çoxunun əvvəlcədən dəqiq proqnozlaşdırılmadığı xatırladılır. Beləliklə, lisey şagirdlərinin aksiyalarının daha geniş sosial etiraz dalğasına çevrilib-çevrilməyəcəyi hələ açıq qalır.