TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb
Antalya, 6 oktyabr, AZƏRTAC
Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kosmik agentliklərinin rəhbərləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd türk dövlətləri arasında kosmik sənaye sahəsində əməkdaşlığın daha sistemli və praktiki müstəviyə keçirilməsi üçün vahid əməkdaşlıq çərçivəsinin formalaşdırılmasına xidmət edəcək.
Sənədin imzalanması TDT ölkələrinin kosmik sahədə mövcud imkan və təcrübələrinin bir araya gətirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi baxımından mühüm mərhələdir.
Əməkdaşlığın əsas praktiki istiqamətlərindən biri TDT ölkələrinin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan birgə “CubeSat” layihəsidir. Layihə çərçivəsində tərəflərin texniki imkanlarının, ekspertizalarının və resurslarının layihə ətrafında birləşdirilməsi nəzərdə tutulur. Saziş isə bu və digər təşəbbüslərin həyata keçirilməsi üçün tərəflərin məsuliyyətlərini, eləcə də əməkdaşlığın texniki, maliyyə, hüquqi və əməliyyat aspektlərini müəyyən edən çərçivə yaradacaq.
Saziş çərçivəsində əməkdaşlığın gələcəkdə peyklərin hazırlanması, Yerin məsafədən müşahidəsi, kosmik elm, tədqiqat və inkişaf, insan kapitalının inkişafı və qarşılıqlımaraq yaradan digər istiqamətləri əhatə etməsi nəzərdə tutulur.
Sazişin imzalanması ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində kosmik sənaye üzrə əməkdaşlığın daha geniş və dayanıqlı platformaya çevrilməsi, tərəf ölkələrin kosmik imkanlarının inkişafına və regional kosmik ekosistemin gücləndirilməsinə töhfə verilməsi hədəflənir.