Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir
Bakı, 6 oktyabr, AZƏRTAC
Orta Dəhlizin inkişafı yalnız marşrut boyunca yerləşən ölkələrin deyil, Mərkəzi Asiya, Çin və Avropa ölkələrinin idxalçı və ixracatçılarının da birgə fəaliyyətini tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Limanının strateji planlaşdırma və inkişaf üzrə müşaviri Xudayar Həsənli “İnfrastruktur və Enerji – Dayanıqlı Əlaqələndirmənin Təmin Edilməsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bazar iştirakçılarının bazarın tələbləri barədə əvvəlcədən məlumatlandırılması və bu məlumatlardan səmərəli istifadə etməsi Orta Dəhliz üzrə daşımaların daha effektiv təşkilinə imkan verəcək.
“Düşünürəm ki, super infrastrukturun yaradılması ilə yanaşı, bu istiqamətdə birlikdə işləməyimiz daha səmərəli nəticələr verə bilər. İnfrastrukturun inkişafı ilə bağlı çağırışlar real sektora, operatorlara və logistika şirkətlərinə də aiddir”, - deyə X.Həsənli qeyd edib.
Onun sözlərinə görə, Avropa operatorlarının və digər logistika şirkətlərinin Orta Dəhlizə cəlb edilməsi marşrutun inkişafına mühüm töhfə verə bilər: “Bizim əsas məqsədimiz yalnız fiziki infrastruktur yaratmaq deyil, eyni zamanda, koordinasiya, planlaşdırma və səmərəliliyi təmin etməkdir”.