Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir
Şəki, 6 oktyabr, AZƏRTAC
Bir həftəyə yaxın davam edən V Şəki Beynəlxalq Teatr Festivalı sənət dünyasına zəngin və maraqlı tamaşalar bəxş etdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən həftə qədim mədəniyyət ocaqlarımızdan olan Şəki unudulmaz sənət görüşlərinə ev sahibliyi edib. 147-ci teatr mövsümünə start verən Şəki Dövlət Dram Teatrı bu beynəlxalq festival çərçivəsində təqdim etdiyi səhnə əsərləri ilə təkcə yerli teatrsevərlərin deyil, şəhərin qonaqlarının da yaddaşında dərin iz buraxıb.
Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri iştirak ediblər.
V Şəki Beynəlxalq Teatr Festivalının keçirilməsi şəhərin ictimai və mədəni həyatında böyük canlanmaya səbəb oldu. Bir həftə boyunca Şəki Teatrının girişində və foyesində böyük həyəcan, sıx hazırlıq prosesi müşahidə edilirdi. Festivalın bağlanış mərasiminə də teatrın kollektivi xüsusi və maraqlı təqdimatlarla hazırlaşmışdı.
Festivalın bədii rəhbəri, teatrının direktoru və rejissoru Mirbala Səlimli bildirib ki, builki festivalı həm də ilk yubiley hesab etmək olar. Belə ki, ardıcıl olaraq ucqar bir bölgədə beş il beynəlxalq səviyyədə teatr festivalı keçirməyin çox çətin və maraqlı tərəfləri vardı. “Qədim tarixə və zəngin mədəniyyətə malik Şəki teatrında ənənələr yaşadılır. Çox xoşbəxtik ki, tarixi bir missiyanı uğurla davam etdiririk. Dost və qardaş ölkələrin sənət adamlarını bir araya gətirməklə həm Şəkinin qədim və zəngin tarix-mədəniyyət, musiqi dünyasını tanıdırıq, həm də onların Şəki səhnəsində çıxışlarını təşkil edirik. İnanırıq ki, növbəti illərdə bu festival daha geniş tərkibdə, daha maraqlı tarixi missiyalara şahidlik edəcək”,- deyən Mirbala Səlimli onlara dəstək olan bütün qurum və təşkilatlara kollektiv adından təşəkkürünü bildirib.
Dost və qardaş ölkələrdən gələn teatr kollektivləri festival müddətində öz tamaşalarını göstərməklə yanaşı, həm də həmkarlarla danışmaq, fikir mübadiləsi, təcrübə etmək imkanları qazanıb. Qazaxıstandan gələn nümayəndə heyəti ötən beş günün çox maraqlı və yaddaqalan olduğunu bildirir.
Qazaxıstanın Qızılorda Vilayət Dram Teatrının bədii rəhbəri Aktıbek Temirbekovla teatrın foyesində söhbətləşirik. Məlum olur ki, təmsil etdiyi sənət ocağı Qazaxıstanın ən qocaman teatrlarından biridir. Kollektivin əvvəlki festivallarda da Şəkidə iştirak etdiyini söyləyən Aktıbek Temirbekov bu zəngin mədəniyyətə malik diyara çox bağlandıqlarını deyir. “Mən bütün kollektiv adından Şəkidəki sənət dostlarımı, eləcə də bu şəhərdə bizə bir həftə boyunca qardaşlıq, qonaqpərvərlik münasibəti göstərən hər kəsə səmimi salamlarımı çatdırır və dərin təşəkkür etmək istəyirəm. Bu günlər biz Şəkidə tək tamaşalarda oynamadıq, həm də bu qədim şəhərin tarixi məkanlarında olduq, muzeylərinə baş çəkdik. İnsanların diqqəti, səmimiyyəti, mətbəx ənənələri heyranedicidir”, - deyən Aktıbek bir daha göstərilən diqqətə görə festivalın təşkilatçılarına minnətdarlıqlarını çatdırıb.
Festivalın sonuncu gecəsində Özbəkistandan gələn Gənc Tamaşaçılar Teatrının kollektivi səhnəni doğrudan ələ ala bilmişdi desək yanılmarıq. “Məsxərəboz şou” tamaşası ilə çıxış edən özbəkistanlı sənət ustaları tamaşaçıların da sürəkli alqışları ilə yola salındılar.
Teatrın bədii rəhbəri Ulukbek Rustamov da digər sənət dostları kimi Şəkidə keçirilən beynəlxalq festivalın təşkilindən məmnunluqla danışıb. “Biz bu günlər doğrudan tarixi anlara şahidlik edirik. Təşkilat komitəsi xüsusən Şəkidəki dostlarımız bizi bir an belə diqqətdən kənar qoymadılar. Biz Şəkini addım-addım gəzdik, tarixi yerlərlə tanış olduq. Elə Şəkinin tarixi Qala divarları ilə tanışlıq insanı sanki keçmişə aparır. Bununla yanaşı, zəngin Azərbaycan mətbəxinin, o cümlədən Şəki yeməkləri və şirniyyatlarının dadı hələ uzun müddət damağımızda qalacaq. Əlbəttə, bütün bunlara bizi qonaq ediblər”, – deyən Ulukbek Rustamov dost və qardaş ölkədən ən xoş təəssüratlarla ayrıldıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə hər kəsə minnətdarlığını ifadə edib.
Festivalın yekununda təşkilarçılar tərəfindən bütün kollektivlərə xatirə hədiyyələri təqdim olunub. Yeri gəlmişkən, beynəlxalq festivalın yekun gecəsinə qatılanlar sırasında Akademik Milli Dram Teatrının da rəhbərliyi vardı. Bu sənət məbədinin rəhbərliyi qonaq kollektivlərə xüsusi hədiyyələr təqdim etməklə onlara daha bir sevincli anlar yaşatdı.
Qeyd olunub ki, Şəki dünən olduğu kimi bu gün də qədim mədəniyyət mərkəzi kimi tarixi ənənələri yaşadır. Şəhər Beynəlxalq Teatr Festivalına ev sahibliyi etməklə üzərinə düşən bu mənəvi missiyanın öhdəsindən layiqincə gəlib.
Sonda bütün kollektivlər səhnəyə dəvət edilib və tezliklə yenidən görüşmək ümidi ilə tamaşaçılarla sağollaşıblar.
Müxbir - Rasim İslamoğlu