YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH
Bakı, 6 oktyabr, AZƏRTAC
Ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıdakı dövr üçün yeni reallıqlar əsasında müəyyənləşdirilən vəzifələri diqqətə çatdırdı. YAP-ın VIII Qurultayı partiyanın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultayıdır. Ölkəmiz artıq yeni strateji reallıqlar mərhələsinə qədəm qoyub.
Dövlətimizin başçısı, YAP Sədri İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu çıxışında həm partiyanın, həm də ümumilikdə dövlətimizin daxili və xarici siyasət strategiyasının yeni dövr üçün prioritetləri diqqətə çatdırıldı. Prezident İlham Əliyev bildirdi ki, partiyanın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün deyil, bölgə üçün də böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiya iqtidardadır. Ölkəmizin son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının böyük töhfəsi var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, hər bir qurultay hesabat dövrünün reallıqlarının təhlilini zərurətə çevirir. Bu baxımdan, 2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayından ötən 5 ildən artıq dövr Azərbaycanın müasir tarixinə mühüm və qürurverici səhifələr yazmaqla, ölkəmizin gələcək inkişafında əhəmiyyətli rol oynayıb.
Malik Həsənov vurğulayıb ki, qurultayda ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillər və həmin dövrün reallıqları barədə geniş bəhs edilib. Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP-ın onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirdiyi diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin YAP-ın bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacağına dair fikirləri və Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı barədə danışılıb.
Müasir dünyada təhlükələrin təkcə fiziki sərhədlərlə məhdudlaşmadığı nəzərə alınaraq, internet, kiberhücumlar və süni intellekt dövründə cəmiyyətin müxtəlif ideoloji təsirlərdən qorunması mühüm vəzifələrdəndir. Təbii ki, əldə etdiyimiz uğurları şərtləndirən əsas amillərdən biri sabitlik və iqtisadi tərəqqidir. Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir və Azərbaycanın bu sahədə rolu daha da artacaq. Bu gün Azərbaycan xalqı təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır.