Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
Bakı, 6 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində dövlətin hərbi gücünün artırılmasını cari və perspektiv hədəflərin mərkəzində göstərərək deyib:
“Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlayıb. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır”.
Prezident İlham Əliyev Azərbaycanın regional və qlobal məsələlərdə yüksələn mövqeyi fonunda hərbi güc amilini qabartmaqla iki çağırışı diqqətə çatdırır.
Birincisi, Azərbaycan Zəngəzur dəhlizinin (TRIPP marşrutu) əhəmiyyəti ilə təchizat zəncirlərində alternativ modeli qlobal nizamın çərçivələri ilə uyğunlaşdırır. Orta Dəhlizin mühüm bir halqası olacaq Zəngəzur dəhlizi üzrə təhlükəsizlik parametrlərinin pozulmasına cəhdlər Azərbaycan üçün qəbuledilməzdir.
Dəhlizlər üzrə hərbi təhlükəsizlik təminatının yaradılması Azərbaycanın regional çəkindiricilik gücünü artırır və beynəlxalq tranzit layihələrinin təhlükəsizliyini təmin edən qlobal aktor statusunu möhkəmləndirir.
İkincisi, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə əhəmiyyətli razılıqların əldə edilməsinə baxmayaraq, xarici risklər tam sönməyib. Müasir beynəlxalq münasibətlər sistemində çoxqütblü dünya nizamının formalaşması prosesində ortaya çıxan yeni geosiyasi ambisiyalar Cənubi Qafqaza müdaxilə meyillərini və risklərini artırır. Bunun real nümunələrini dünyanın müxtəlif regionlarında baş verən proksi və birbaşa müharibələrin paralel geosiyasi təsirlərində görmək mümkündür. Belə qeyri-müəyyənlik mühitində kənar manipulyasiya və hərbi risklərin qarşısını alan əsas təhlükəsizlik qarantı Azərbaycan Silahlı Qüvvələridir.
Ona görə də, ordunun durmadan modernləşməsi müdafiə məqsədi daşımaqla bərabər, regionun xarici geosiyasi şoklardan qorunması üçün zəruri mexanizm kimi çıxış edir.
Hərblə bərabər strateji təşəbbüslər
Qeyd olunan iki yanaşmanın daha böyük plandakı oxunuşu belədir: Münaqişələr və hərbi eskalasiyalar iki tərəf arasındakı hərbi qarşıdurma olmaqla bərabər, qlobal və regional güc balanslarını sınağa çəkir.
Bu fonda Azərbaycanın formalaşdırdığı yeni reallıqlar və regional təhlükəsizlik arxitekturası gələcək çağırışlara qarşı strateji düşüncə çərçivəsi yaradır. Bu, dünya nizamında təhlükəsizlik arxitekturasını yenidən qurmaq istəyən bütün beynəlxalq ictimaiyyət üçün fundamental xəbərdarlıq qismindədir.
Bundan başqa, Azərbaycanın post-münaqişə dövründə dayanıqlı sülh strategiyası hərbi potensialın artırılması ilə limitlənmir. Azərbaycan regional sabitliyi formalaşdıran proaktiv diplomatiya və strateji təşəbbüslərə əsaslanan xətti də aktual olaraq gündəlikdə saxlayır.
Hərbi yanaşmalarla diplomatik-siyasi strategiyanın birləşdirilməsi Azərbaycanın geosiyasi trayektoriyasını formalaşdırır. Bunun təsir dairəsi genişdir: Azərbaycanın Cənubi Qafqazdakı dominantlığı onun kənar regionlardakı nüfuzunu müəyyən edir.
İqtisadi güc və ideoloji çərçivələr
Prezident İlham Əliyevin YAP qurultayındakı nitqi Azərbaycan üçün daha geniş strateji yol xəritəsidir.
Həmin amili dövlətimizin başçısının bu bəyanatında görmək mümkündür: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir”.
Bunun nə demək olduğu böyük geosiyasət arxitekturasında Azərbaycanın atdığı strateji addımlarda görünür. Prezident İlham Əliyevin strategiyası:
- Dövlətin regional iqtisadi mərkəzliyini gücləndirir;
- Bakının qlobal təchizat zəncirində alternativ model yaradan daha geniş və həlledici bir oyun prosesinin idarəedicisinə çevrilməsini şərtləndirir.
Bu iki yanaşmanı milli-təhlükəsizlik maraqlarının qorunmasında və çəkindirmə siyasətində fərqli rollarla da qiymətləndirmək olar.
Yəni Azərbaycanın yaratdığı geosiyasi reallıqların qalıcı xarakter almasında təhlükəsizlik tədbirlərini yumşaq güc amili tamamlayır. Beləliklə, Azərbaycan regional reallıqları həm də proaktiv yumşaq güc ilə legitimləşdirərək beynəlxalq arenada mövqelərini əlverişli edir.
Buna görə də, Azərbaycanın suverenliyinin toxunulmazlığını təmin edən alətlərin siyahısı hərbi, iqtisadi, siyasi və ticari dinamikalardır. Daha bir təsirli mexanizmi isə Prezident İlham Əliyev çağdaş ideoloji struktur qurmaqla bağlı irəli sürdüyü təklifdə göstərir.
Bu kontekst xüsusi əhəmiyyət daşıyır, çünki ictimai rəyin manipulyasiyaya məruz qalması, informasiya müharibələrinin davam etməsi həm də Azərbaycanın iqtisadi-siyasi gücünə qarşı mənfi reaksiyadır.
Buna görə də, Azərbaycan üçün öz kapitalını ideoloji təsir gücünə çevirməsi zərurətləri meydana çıxır.
Prezident İlham Əliyevin ideoloji modernləşmə ilə əlaqədar strategiyası aşağıdakı məqamları strukturlaşdırır:
- Azərbaycan qlobal geosiyasi nizamı təhlil edərək özünü şablon və effektiv olmayan normalardan uzaqlaşdırır;
- Azərbaycan Respublikası ideoloji diversiyalara qarşı institusional struktur yaratmağı və ölkəmiz əleyhinə kampaniyaların önünə alternativ model qoymağı hədəfləyir.
Beləliklə, daha dərin qatda Azərbaycanın strategiyası hərbi, iqtisadi və siyasi prioritetlər və yumşaq güc modellərinin ideoloji çərçivəsini təyin edir.
Bu ideoloji mahiyyət Azərbaycanın strateji gücünün yüksəlişini təmin edən faktordur.
Müəllif – Aqşin Kərimov