Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?
Bakı, 6 oktyabr, AZƏRTAC
2026-cı ilin sentyabr ayında “Samsung” təxminən 41 faizlik payla Azərbaycan mobil cihaz bazarında lider mövqeyini qoruyub saxlayıb. “Statcounter” məlumatları, həmçinin “Android”in yüksək payını, “Google”un axtarış motorları bazarında dominantlığını və “ChatGPT”nin ölkədə süni intellekt çatbotları arasında liderliyini davam etdirdiyini göstərir.
AZƏRTAC “Statcounter Global Stats”a istinadla xəbər verir ki, sentyabr ayında “Samsung”un Azərbaycan mobil cihaz bazarındakı payı 40,95 faiz təşkil edib. Bu, avqust ayı ilə müqayisədə təxminən 1,6 faiz bəndi artım deməkdir.
“Xiaomi” 28,71 faiz payla ikinci, “Apple” isə 15,66 faiz ilə üçüncü yerdə qərarlaşıb. Naməlum brendlər 7,5 faiz, “Honor” 2,52 faiz və “Huawei” 2,2 faiz payla sonrakı yerlərdə gəlir.
Sentyabr ayında “Android” əməliyyat sistemi Azərbaycan mobil bazarının 84,33 faizini, iOS isə 15,66 faizini təşkil edib.
“Brauzer” istifadə statistikası da “Google Chrome” axtarış motorunun açıq üstünlüyünü göstərir. Mobil cihazlarda onun payı 79,56 faiz, “Safari” 12,06 faiz və “Samsung Internet” 5,68 faiz təşkil edib.
Axtarış motorları bazarında “Google” demək olar ki, müqayisə edilə bilən rəqibə malik deyil: kompüter və mobil cihazlarda onun payı sentyabr ayında 97,37 faizə çatıb. “Yandex” 1,81 faiz, “Bing” isə 0,67 faiz təşkil edib.
Süni intellekt seqmentində də nəzərəçarpacaq artım qeydə alınıb. “ChatGPT” Azərbaycandakı süni intellekt çatbot bazarının 86,27 faizinə malikdir. “Google Gemini” 10,29 faiz ilə ikinci, “Perplexity” isə 2,42 faizlə üçüncü olub. “Claude” 0,78 faiz, “Microsoft Copilot” isə 0,25 faiz paya malikdir.
Mobil sosial platforma seqmentində “Facebook” sentyabr ayında 39,82 faizlik payla birinci yeri tutub. “YouTube” 22,56 faizlik, “Instagram” 15,66 faizlik və “Twitter” 11,25 faizlik pay ilə onu izləyir.
Beləliklə, “Statcounter”in sentyabr ayı statistikası göstərir ki, Azərbaycanın rəqəmsal bazarının bir neçə əsas texnoloji platforma ətrafında yüksək konsentrasiyası davam edir: mobil cihaz seqmentində “Samsung” və “Xiaomi”, mobil əməliyyat sistemləri arasında “Android”, axtarış motorunda “Google” və süni intellekt çatbot seqmentində “ChatGPT” daha çox istifadə olunur.
Müəllif - Pərvanə Qafarova