Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir
Bakı, 6 oktyabr, AZƏRTAC
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün 22 noyabr 2026-cı il tarixində keçiriləcək ixtisas imtahanına qeydiyyat elan edilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ixtisas imtahanı 9 istiqamət üzrə noyabrın 22-də elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsi ilə əldə edə biləcəklər.
Bir saat davam edən imtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. Otuz bal və daha yuxarı nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
İmtahan bitdikdə iştirakçılar öz nəticələri ilə tanış ola bilərlər. Bundan əlavə, nəticələr DİM tərəfindən iştirakçıların “Şəxsi kabineti”nə yüklənəcək. İmtahanın nəticəsindən narazı qalan namizəd nəticənin elan olunduğu vaxtdan üç iş günü müddətində Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
Müvəffəqiyyət qazanan namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.
İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.
İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.
Xatırladaq ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə aşağıda göstərilən istiqamətlər üzrə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.