Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur
Bakı, 6 oktyabr, AZƏRTAC
Müasir geosiyasi reallıqlar göstərir ki, milli təhlükəsizlik artıq təkcə ordunun gücü və ya dövlət sərhədlərinin qorunması ilə ölçülmür. Müharibələrin xarakterinin dəyişməsi, kiberhücumların genişlənməsi, süni intellekt və informasiya texnologiyalarının sürətli inkişafı təhlükəsizlik anlayışını daha geniş çərçivəyə çıxarıb. Bu baxımdan Azərbaycanın qarşıdakı mərhələdə milli təhlükəsizlik və inkişaf konsepsiyasının bir sıra mühüm istiqamətləri əhatə etməsi zəruridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
O bildirib ki, Prezident İlham Əliyev də öz çıxışında məhz bu amilə toxunaraq ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu, internet, kiberhücumlar və süni intellekt dövründə ideoloji risklərin sərhəd tanımadığını xüsusi vurğulayıb. “Bu baxımdan Azərbaycanın qarşıdakı mərhələdə ilk prioritetlərindən biri, təbii ki, hərbi və müdafiə potensialının davamlı gücləndirilməsi olacaq. Dünyada münaqişələrin genişlənməsi və güc amilinin beynəlxalq münasibətlərdə rolunun artması dövlətlərin öz təhlükəsizliyini təmin etmək imkanlarını ön plana çıxarır. Şübhəsiz ki, burada əsas məqsəd hərbi gücü təkcə mümkün müharibəyə hazırlıq vasitəsi kimi yox, həm də çəkindirmə mexanizmi kimi saxlamaqdan ibarətdir. Beynəlxalq hüququn işləmədiyi bir dövrdə milli maraqlara kənar müdaxilənin qarşısını almağın əsas şərtlərindən biri məhz güclü olmaqdır”, – deyə siyasi şərhçi qeyd edib.
R.Bayramovun sözlərinə görə, növbəti mühüm istiqamət informasiya və ideoloji təhlükəsizlikdir. Gün keçdikcə dezinformasiya, saxta kontent, kiberhücumlar və süni intellektlə hazırlanmış manipulyativ materiallar dövlətlər üçün daha ciddi çağırışa çevrilir. Bu sahədə cəmiyyətin informasiya immunitetinin gücləndirilməsi olduqca vacibdir. Bunun üçün yalnız inzibati mexanizmlər deyil, ilk növbədə, keyfiyyətli təhsil, media savadlılığı və tənqidi düşüncə qabiliyyəti inkişaf etdirilməlidir. Prezidentin məhz təhsili ideoloji təxribatlara qarşı əsas müdafiə vasitələrindən biri kimi göstərməsi də bu baxımdan olduqca önəmlidir.
Siyasi şərhçi daha bir prioritetin iqtisadi və maliyyə dayanıqlılığı olduğunu bildirib: “Təhlükəsizlik siyasətinin uzunmüddətli olması üçün dövlətin öz maliyyə resurslarına, enerji gəlirlərinə, investisiya imkanlarına və şaxələndirilmiş iqtisadi bazaya malik olması vacibdir. Bu istiqamətdə rəqabət mühitinin genişləndirilməsi və iqtisadiyyatın qlobal çağırışlara hazırlığının artırılması artıq dövlət siyasətinin ayrıca istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Növbəti mərhələdə müstəqil xarici siyasətin və diplomatik fəallığın qorunması mühüm hədəf olacaq. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibətlərini milli maraqlar əsasında balanslaşdırması təhlükəsizlik imkanlarını genişləndirən amildir. Burada məqsəd təkcə siyasi manevr imkanlarını qorumaqdan ibarət deyil. Məqsəd həm də iqtisadi, enerji və nəqliyyat layihələri vasitəsilə ölkənin strateji əhəmiyyətini artırmaqdır”.
Onun fikrincə, ümumilikdə Azərbaycanın milli təhlükəsizlik və inkişaf konsepsiyasının qarşıdakı mərhələdə əsas xəttini güclü ordu, dayanıqlı iqtisadiyyat, savadlı cəmiyyət, təhlükəsiz informasiya məkanı və müstəqil xarici siyasət modelinin daha da möhkəmləndirilməsi təşkil edəcək.
Müxbir - Səbinə Əlizadə